2025-ci ilin başa çatmasına sayılı günlər qaldığı bir vaxtda Kremlin əsas fiqurlarından biri kimi tanınan erməni oliqarx Samvel Karapetyan 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ilə bağlı geniş siyasi mesajla çıxış edib.
Turkustan.az xəbər verir ki, Karapetyan müraciətində seçkilərin Ermənistanın gələcəyi üçün həlledici olacağını vurğulayaraq, ölkənin hansı istiqamətdə gedəcəyinə “erməni xalqının qərar verəcəyini” bəyan edib. O, açıq şəkildə Paşinyan hakimiyyətini hədəf alaraq, bütün məğlubiyyətlərə, siyasi fiaskolara və ölkənin üzləşdiyi ağır nəticələrə baxmayaraq, Nikol Paşinyanın üçüncü müddətə hakimiyyətdə qalmaq istəməsinin cəmiyyət üçün anlaşılmaz olduğunu bildirib.
Kremlə yaxınlığı ilə tanınan Karapetyan qeyd edib ki, mövcud vəziyyəti tənqid etmək artıq kifayət etmir və əsas məsələ real alternativ ortaya qoymaqdır. Onun sözlərinə görə, bu alternativ “yaşanmış həyat, yaxşı ad və görülmüş işlər” üzərində qurulmalıdır. Oliqarx iddia edib ki, Ermənistan cəmiyyəti ədalətə susayıb və bu gözlənti siyasi proseslərdə əsas xəttə çevrilməlidir.
Karapetyan mesajında Ermənistanın “rifah dövləti”, hər mənada təhlükəsiz ölkə və ləyaqətli həyat sürən vətəndaşların yaşadığı məkan olmalı olduğunu vurğulayıb. O, eyni zamanda Ermənistanın nə qonşu ölkələrlə, nə də böyük güclərlə pis münasibətlərə haqqı olmadığını bildirib və ölkənin yenidən “böyük bir ailə” prinsipi əsasında birləşməli olduğunu qeyd edib.
Siyasi müşahidəçilərə görə, Kremlə yaxın Samvel Karapetyanın bu müraciəti Paşinyan hakimiyyətinə qarşı açıq siyasi mesaj və seçkilər ərəfəsində revanşist düşərgənin aktivləşməsinin göstəricisi kimi qiymətləndirilir. Xüsusilə Rusiyaya bağlı dairələrin Ermənistan daxili siyasətində yenidən önə çıxmaq cəhdləri fonunda bu bəyanat diqqət çəkir.
Qeyd edək ki, bir gün əvvəl Samvel Karapetyan barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı və girovla əvəz edilib. /Musavat.com/