ABŞ prezidenti Donald Tramp Milad gecəsi həyat yoldaşı Melaniya Trampla birlikdə Florida ştatında yerləşən Mar-a-Lago malikanəsində uşaqlardan gələn sualları cavablandırıb.
Turkustan.az xəbər verir ki, o, telefonla danışdığı uşaqlardan Yeni il üçün hansı hədiyyələri almaq istədiklərini soruşub və onlardan birinə Yeni il hədiyyəsi də verib.
Tramp çıxışı zamanı Şaxta baba ilə bağlı maraqlı açıqlamalar verib:
“Biz bütün dünyada Şaxta babanı izləyirik. Şaxta babanın yaxşı olduğundan əmin olmaq istəyirik. Şaxta baba çox yaxşı insandır”, – deyə o bildirib. ABŞ prezidenti əlavə edib ki, “pis Şaxta baba”nın ölkəyə gizlicə daxil olmasına icazə verməyəcəklər.
Oklahomadan olan 4 və 10 yaşlı uşaqlarla söhbətində Tramp kömürlə dolu corabın belə o qədər də pis olmaya biləcəyinə eyham vurub və uşaqları mehriban davranmağa çağırıb.
Qeyd edək ki, Donald Tramp keçmiş illərdə Milad bayramı münasibətilə etdiyi paylaşımlarda tez-tez siyasi rəqiblərini tənqid edib. Məsələn, 2024-cü ildə o, “Radikal Sol Dəlilərə Milad Bayramınız Mübarək” ifadəsini işlədib. İlk prezidentlik dövründə isə, 24 dekabr 2017-ci ildə, erkən saatlarda yüksək vəzifəli FTB rəsmisini və ona qarşı qərəzli olduğunu düşündüyü medianı tənqid edən paylaşım etmişdi.
Aytən Yaşar/ Turkustan.az