ABŞ prezidenti Donald Tramp Britaniyanın ictimai yayım şirkəti BBC-yə qarşı 10 milyard dollar təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Turkustan.az xəbər verir ki, iddialara görə, BBC Donald Trampın 2021-ci ildə Konqresə müdaxilə ilə bağlı çıxışını kontekstdən çıxararaq sənədli filmdə istifadə edib və bununla da Florida ştatının qanunlarını pozub.
Florida ştatının Cənub Dairə Məhkəməsində qaldırılan iddiada Trampın vəkilləri bildiriblər ki, BBC sənədli filmində Trampın sözlərini kontekstdən çıxarıb birləşdirərək onun barəsində “yanlış və böhtan xarakterli” təsvir yaradıb.
İddia ərizəsində qeyd olunur ki, BBC Trampın Konqresin işğalından əvvəl etdiyi çıxışda yer alan “Konqresə yürüş” və “sona qədər mübarizə” kimi ifadələri ön plana çıxarıb, lakin onun tərəfdarlarını dinc etiraza çağırdığı hissələri bilərəkdən yayımdan kənarda saxlayıb.
Ərizədə vurğulanır ki, Tramp BBC-dən ümumilikdə 10 milyard dollar təzminat tələb edir. Bunun 5 milyard dolları böhtana görə, digər 5 milyard dolları isə Florida ştatının biznes təcrübələri haqqında qanunun pozulmasına görədir.
Dünən Oval Ofisdə jurnalistlərə açıqlama verən Tramp BBC-ni tənqid edərək bildirib ki, media qurumu “ona heç vaxt demədiyi sözləri aid edib”.
Aytən Yaşar/ Turkustan.az