Rusiya açıq mesaj verdi: Ermənistan bədəl ödəyə bilər – Surenyants


“Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk açıq şəkildə dedi ki, Ermənistan həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi Birliyinin orbitində limitsiz şəkildə qala bilməz”.

Turkustan.az xəbər verir ki, bu fikirləri erməni politoloq Suren Surenyants deyib.

“Bu dəfə bəyanat çox konkret iqtisadi siqnalla müşayiət olunur. Ermənistan–Rusiya ticarət dövriyyəsinin kəskin azalması və Kremlin İrəvanla bağlı artan biznes ehtiyatlılığı ilə.

12,4 milyard dollardan təxminən 6 milyarda düşmək — bu sadəcə statistik azalmanın göstəricisi deyil. Bu, siyasi mesajdır və göstərir ki, Moskva Ermənistanın xarici siyasət manevrlərini artıq nəzəri deyil, praktiki müstəvidə qiymətləndirir.

Nikol Paşinyan qeyd edir ki, “seçim anı hələ yetişməyib”. Lakin reallıq budur ki, hakimiyyətin xarici siyasət addımları artıq seçim etdiyini göstərir. Avrointeqrasiya xilas yolu kimi təqdim olunur, lakin nə aydın strategiya, nə yol xəritəsi, nə də ictimai konsensus mövcuddur.

Üstəlik, bütün bunlar elə bir şəraitdə baş verir ki, Birləşmiş Ştatların milli təhlükəsizlik strategiyasında belə Aİ-nin mövcud durumu və perspektivləri ilə bağlı sərt qiymətləndirmələr var”, – Sureyants qeyd edib.

Onun sözlərinə görə, Ermənistan gələcəyi tam aydın olmayan bir sistemə doğru istiqamətlənməyə çalışır:

“Burada əsas sual ortaya çıxır: Hakimiyyətin “Avropa gündəliyi” dövlətin uzunmüddətli strateji xəttidirmi, yoxsa daxili siyasi dividendlər qazanmaq üçün anti-Rusiya ritorikasına əsaslanan daxili siyasi texnologiyadır?

Ermənistan strateji qeyri-müəyyənlik vəziyyətində sonsuza qədər qala bilməz. İkili seçim anı istər-istəməz yaxınlaşır və səhv hesablanmamış qərarın bədəlini hakimiyyət yox, dövlət ödəyə bilər”. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ