Azərbaycan–Türkiyə müdafiə əməkdaşlığı son illərdə yeni strateji mərhələyə daxil olub.
Şuşa Bəyannaməsi ilə müttəfiqlik statusu rəsmiləşdikdən sonra iki ölkə arasında hərbi sahədə inteqrasiya sürətlə dərinləşir. 2026-cı il üçün ağır hərbi texnika, pilotsuz uçuş sistemləri, kəşfiyyat imkanları və müdafiə sənayesi sahəsində yeni razılaşmaların gündəmdə olması bu prosesin miqyasını daha aydın göstərir.
Artıq söhbət təkcə birgə təlimlərdən və texniki əməkdaşlıqdan getmir – regionda yeni təhlükəsizlik arxitekturası formalaşır. Azərbaycan və Türkiyənin güclənən müdafiə ittifaqı Cənubi Qafqazda hərbi güc mərkəzinin istiqamətini yenidən müəyyənləşdirir və türk dövlətləri arasında daha geniş təhlükəsizlik əməkdaşlığı perspektivini gündəmə gətirir. Bu proses həm regional sabitlik, həm də yeni güc nisbətləri baxımından strateji əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, Şuşa Bəyannaməsinin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanması Azərbaycan-Türkiyə münasibətlərində tamamilə yeni dövrün başlanğıcıdır:
“Bu sənəd təkcə siyasi yaxınlığı deyil, həm də hərbi əməkdaşlıq və qarşılıqlı müttəfiqlik öhdəliklərini rəsmiləşdirən son dərəcə ciddi hüquqi çərçivədir. Bəyannamədə əks olunan müddəalar Azərbaycan üçün real təhlükəsizlik zəmanəti deməkdir. Sənəd göstərir ki, Türkiyə hər zaman Azərbaycanın yanında dayanacaq”.

Aqil Abbas: Azərbaycan–Türkiyə əməkdaşlığı təkcə bu iki ölkə ilə məhdudlaşmır
Deputat maraqlı bir xatirəsini də bölüşüb:
“Bir dəfə Azadlıq Meydanında keçirilən aviaşou zamanı bir qadının ‘bir millət, iki dövlətiksə, bir ordumuz da olsa, yaxşı olar’ deməsi əslində toplumun düşüncəsinin aynasıdır. Bu fikir Azərbaycan və Türkiyənin strateji yaxınlığının gələcəkdə daha da dərinləşəcəyini göstərir. Reallıqda isə iki ölkənin ordusu artıq bir çox sahədə yüksək inteqrasiya ilə fəaliyyət göstərir. Şuşa Bəyannaməsi isə bu inteqrasiyanı formal müttəfiqlik səviyyəsinə qaldırıb”.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əməkdaşlığı təkcə bu iki ölkə ilə məhdudlaşmır. Son illər Orta Asiya türk dövlətlərində geosiyasi fəallığın artması, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi diqqətəlayiqdir. Xüsusilə təhlükəsizlik, müdafiə sənayesi, enerji, logistika və kommunikasiya sahələrində koordinasiya güclənir və nəticədə regionda yeni güc balansı formalaşır.
"Bu baxımdan türk dövlətlərinin gələcəkdə öz təhlükəsizlik arxitekturasını yaratması real perspektiv kimi dəyərləndirilir. Bu, dərhal formalaşacaq hərbi-siyasi blokdan daha çox, hazırda yavaş-yavaş inteqrasiya edilən müdafiə sistemlərinin, birgə komanda strukturlarının və koordinasiya mexanizmlərinin təməlini yaradır. Bütün bunlar həm Azərbaycan üçün strateji üstünlük, həm də türk dünyası üçün yeni mərhələ deməkdir",- parlament üzvü əlavə edib.
Sonda deputat qeyd edib ki, Şuşa Bəyannaməsi türk dünyasının gələcək təhlükəsizlik modelinin başlanğıc nöqtəsidir. İnteqrasiya dərinləşdikcə və əməkdaşlıq genişləndikcə, türk dövlətlərinin bir-birinə dayaq olan güclü alyans yaratması getdikcə daha real ssenariyə çevrilir.