Avropa İttifaqı liderləri ABŞ-ın Ukraynaya sülh gətirmək səylərini alqışlayıb, 28 bənddən ibarət planın ilkin layihəsinin əlavə iş tələb edəcəyini qeyd ediblər.
Turkustan.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
"28 bənddən ibarət planın ilkin layihəsində ədalətli və davamlı sülhə nail olmaq üçün zəruri olacaq mühüm elementlər var. Ona görə də hesab edirik ki, bu layihə əlavə iş tələb edən əsasdır", - bəyanatda deyilir.
Dünya liderləri “gələcək sülhün sabitliyini təmin etmək üçün” sülh planının yekunlaşdırılması prosesinə qoşulmağa hazır olduqlarını bildiriblər.
"Biz açıq şəkildə sərhədlərin güc yolu ilə dəyişdirilə bilməyəcəyi prinsipinə əməl edirik. Biz həmçinin Ukrayna Silahlı Qüvvələrinə təklif olunan məhdudiyyətlərdən narahatıq və bu, Ukraynanı gələcək hücumlara qarşı həssas edə bilər", - liderlər vurğulayıblar.
Aytən Yaşar/ Turkustan.az