İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada atəşkəsin icrasına nəzarət etmək üçün ABŞ-ın Kiryat Qat şəhərində yaratdığı “Mülki-Hərbi Koordinasiya Mərkəzi”ndə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperlə görüşüb.
Turkustan.az xəbər verir ki, İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamada, Netanyahunun oktyabrın 29-u axşam saatlarında “Mülki-Hərbi Koordinasiya Mərkəzi”ni ziyarət etdiyi bildirilib.
Netanyahunu səfərdə İsrail Baş Qərargah rəisi Eyal Zamir, daxili kəşfiyyat agentliyi Şin-Bet (Şabak) direktoru David Zini və İsrail ordusunun yüksək rütbəli rəsmiləri müşayiət edib.
Netanyahu CENTCOM komandanı Kuper və mərkəzin hərbi direktoru olan ABŞ ordusunun mərkəzi komandanı general Patrik Frank ilə görüşüb.
Netanyahu ABŞ-ın İsraillə İsrail üçün təhlükə yaratmayacaq fərqli Qəzza planı üzərində çalışdığını iddia edərək, "Həması tərksilah etmək və Qəzzanı silahsızlaşdırmaq məqsədinə çatmaq istəyirik. Planın digər komponentləri ilə birlikdə mərhələli şəkildə buna nail olmağa çalışırıq" dedi.
Aytən Yaşar/ Turkustan.az