Rusiya prezidenti Vladimir Putin iqtisadi inkişafın mühüm nəqliyyat və ticarət yollarının kəsişdiyi Avrasiyada cəmləşdiyini ifadə edib.
Turkustan.az xəbər verir ki, Kremlin yazılı açıqlamasında Putinin 18-ci Verona Avrasiya İqtisadi Forumunun iştirakçılarına mesajı da yer alıb.
Verona Avrasiya İqtisadi Forumunun bu illər ərzində siyasətçilərin, sahibkarların, elm adamlarının və ekspertlərin iştirak etdiyi mühüm tədbirə çevrildiyinə diqqət çəkən Putin, "Forum çərçivəsində keçirilən görüşlər qlobal iqtisadiyyatdakı aktual problemlərin dərindən müzakirəsinə imkan verir və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir" dedi.
Forumun işinin çoxqütblü dünya nizamına keçiddə xüsusi əhəmiyyət daşıdığını bildirən Putin, "İqtisadi inkişafın əsas mərkəzləri və mühüm nəqliyyat və ticarət yolları Avrasiyada cəmləşib. İstanbul Avrasiyanın iş və mədəniyyət mərkəzləri arasındadır" dedi.
Builki forumun “Yeni iqtisadi reallıqlar üçün yeni enerji” mövzusunun əhəmiyyətinə işarə edən Putin qeyd edib ki, forumda enerji, rəqəmsal iqtisadiyyat, investisiya, elmi və texnoloji innovasiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.
Çırağan sarayında başlayan və sabah davam edəcək forum İtaliyanın “Associazione Conoscere Eurasia” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə keçirilir.
Bu il Forum “Yeni iqtisadi reallıqlar üçün yeni enerji” mövzusu və “İnnovasiya sənəti” şüarı altında keçirilir.
Aytən Yaşar/ Turkustan.az