"Xankəndi Forumu həm də sağlamlaşdırılmış QHT sektorunun nümayişi oldu” - Aqil Camal


“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal QHT.az-a açıqlamasında Xankəndində keçirilən QHT-lərin 3-cü Əməkdaşlıq Forumunun xüsusi əhəmiyyət daşıdığını bildirib.

Aqil Camal qeyd edib ki, forumun məhz Xankəndi şəhərində, möhtəşəm Konqres Mərkəzində keçirilməsi həm simvolik, həm də strateji baxımdan əlamətdar hadisə olub:

“Forumun Xankəndində keçirilməsi mənim üçün bir sıra xüsusiyyətlərinə görə çox yaddaqalan oldu. Əvvəla, tədbirin məhz Xankəndidə təşkil olunması xüsusi rəmzi məna daşıyırdı. Forumun gündəliyinə çıxarılan məsələlər günümüzün aktual mövzularını əhatə edirdi. Həm vətəndaş cəmiyyətinin qarşıdakı dövrdə üzərinə düşən vəzifələr, həm də layihələrin hazırlanmasında nəzərə alınmalı məqamlar baxımından müzakirələr çox önəmli idi. Forum vətəndaş cəmiyyəti sektorunda baş verən keyfiyyət dəyişikliyinin də aydın göstəricisinə çevrilib. Son zamanlar QHT sektorunda həyata keçirilən yeni yanaşmalar, baxışlar və müəyyən ələmələr bu sahədə sağlamlaşma prosesini sürətləndirib. Ola bilsin, bəzi istisnalar hələ qalır, lakin ümid edirik ki, yaxın dövrdə bu proses tam başa çatacaq. Xankəndi Forumu həm də yeni, daha sağlam və peşəkar vətəndaş cəmiyyətinin təqdimatı baxımından örnək bir tədbir oldu.”

Aqil Camal forumda türkmən irsinə dair müzakirələrin keçirilməsini də yüksək qiymətləndirib:

“Bu forum çərçivəsində türkmən irsinə dair mövzuya yer verilməsi də çox önəmli idi. Bir neçə ay əvvəl QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə Bakıda türkmən irsinə həsr olunan böyük konfrans keçirilmişdi. Qısa müddət sonra bu məsələnin yenidən gündəmə gətirilməsi göstərir ki, Azərbaycan dövləti İraq və Suriya ərazisində yaşayan türkmənlərin mədəniyyətinə, irsinə və gələcəyinə xüsusi önəm verir. Bu, həm etnik, həm də mədəni bağlarımızın möhkəmlənməsinə xidmət edir. Biz də vətəndaş cəmiyyəti olaraq bu siyasəti tam dəstəkləyirik və alqışlayırıq.”


MANŞET XƏBƏRLƏRİ