Baş nazirliyə köhnə baş naziri gətirmək planı
Növbəti və ya erkən parlament seçkiləri Ermənistan üçün şübhəsiz ki, taleyüklü olacaq, əvvəlkilərin heç birinə bənzəməyəcək. Çünki erməni cəmiyyəti, nəhayət, hərblə sülh arasında yekun seçimini məhz həmin seçkilər zamanı etməlidir. Ermənistan adlı qondarma dövlətin, ümumən cəmiyyətin ölüm-qalım məsələsi mübaliğəsiz, məhz bu seçimdən asılı olacaq.
Bu arada “Hraparak” qəzeti yazıb ki, hazırda İrəvanda həbsdə yatan erməniəsilli rusiyalı iş adamı və milyarder Samvel Karapetyanın təsis etdiyi “Bizim Yol” Hərəkatının baş nazirliyə namizədi keçmiş hökumət başçısı Karen Karapetyan ola bilər.
Nəşrə görə, Nikol Paşinyan hökuməti bu səbəbə “Bizim Yol”u sıradan çıxarmaq üçün bütün imkanlarını səfərbər edib. İddiaya görə, hakim “Vətəndaş müqaviləsi” Partiyası və onun təbliğatçıları hərəkatın bütün hərəkətlərini 24/7 rejimdə izləyir, fəal şəkildə şərh və tənqid edir.
“Əldə etdiyimiz məlumata görə, hakim partiyanın yuxarı eşelonu keçmiş baş nazir Karen Karapetyanın baş nazirliyə namizəd kimi "Bizim Yol"un siyahısına başçılıq edəcəyi barədə informasiya əldə etdikdən sonra onun barəsində cinayət işinin başlanması məsələsini müzakirə edir", - məlumatda vurğulanır.
Xatırladaq ki, oliqarx-milyarder Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırış ittihamı ilə həbs edilib. O, Rusiyaya yaxınlığı ilə seçilir.
Bəs Serj Sərkisyanın prezidentliyi dövründə baş nazir postu tutmuş Xankəndi doğumlu Karen Karapetyan həqiqətənmi Nikol Paşinyana əsas alternativ ola bilər? Rusiya gerçəkdənmi ona “stavka” edə bilər?
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda hazırda seçki hazırlığı prosesinə start verilib, hər kəs artıq öz potensialını ortaya qoymaq və hakimiyyətə gəlmək üçün yollar arayır: “Nikol Paşinyan və onun partiyası hakimiyyətlərini qoruyub saxlamaq, müxalifət isə hakimiyyətə gəlmək üçün mübarizə aparır. Müxalifət qüvvələri əslində monolit deyillər. Ermənistanda daxili siyasi qüvvələr həm də xarici qüvvələrdən asılıdır. Qərbin stavka elədiyi qüvvə Nikol Paşinyan hakimiyyətidir. Rusiya isə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir və bunun üçün Ermənistan daxilində Rusiyaya yaxın qüvvələri hərəkətə keçirməyə, birləşdirib vahid qüvvə halına gətirməyə çalışır. İndiyə qədər Rusiya bir neçə dəfə Paşinyanı devirməyə çalışıb. Məhz bunun üçün oliqarxlar ortaya atılmışdı. Milyarder Ruben Vardanyan variantı uğursuz oldu. Bunun ardınca milyarder Samvel Karapetyan variantı irəli sürüldü. Lakin bu da uğurlu alınmadı. O baxımdan Rusiyanın qarşıdakı seçkidə stavka edə biləcəyi və Ermənistan cəmiyyətində də müəyyən müsbət rəğbət bəslənilən siyasətçilərdən biri Karen Karapetyandır. Bu şəxs Serj Sərkisyan hakimiyyətinin son dönəmlərində Ermənistanın baş naziri vəzifəsində işləyib”.
Politoloq qeyd etdi ki, Karen Karapetyan erməni siyasi palitrasında siyasi fiqurdan daha çox texnokrat kimliyi ilə tanınır: “Ona görə də Karen Karapetyanın üzərində dayanılması təsadüfi deyil. Bu şəxs üzərindən Paşinyan hakimiyyətinə müəyyən təzyiqlər edilə və hakimiyyət üçün problemlər yaradıla bilər. Karen Karapetyanın ətrafında əgər Robert Köçəryan və Serj Sərkisyan komandalarını da toplaya bilsələr, o, müəyyən bir elektoratla parlamentdə əhəmiyyətli səs ala bilər. Onun liderliyində müxalifətin hakimiyyətə gələ biləcəyi ehtimalının isə yüksək olmadığını düşünürəm. Amma Paşinyan üçün kifayət qədər başağrısı yarada biləcək fiqurdur”.