İranın xarici işlər naziri Abbas Əraqçi Dubayda keçirilən Əl-Cəzirə Forumunun 17-ci sessiyasında çıxışı zamanı bildirib ki, Fələstin məsələsi artıq təkcə regional problem deyil, qlobal miqyasda ədalət və beynəlxalq hüququn sınağına çevrilib.
Turkustan.az xəbər verir ki, Əraqçi qeyd edib: “Fələstin bir çox problemlər arasında sadəcə bir məsələ deyil; bu, Qərbi Asiyada ədalətin mərkəzi mövzusudur.”
Nazir çıxışında Qəzzada baş verən hadisələri “soyqırım” kimi xarakterizə edərək, İsrailə verilən toxunulmazlığın beynəlxalq hüququ pozduğunu və bölgəni davamlı qeyri-sabitliyə sürüklədiyini vurğulayıb. Onun sözlərinə görə, Fələstin məsələsi artıq klassik “işğal” anlayışından kənara çıxıb və Qəzzada baş verənlər nə adi müharibə, nə də iki bərabər tərəf arasında münaqişə kimi dəyərləndirilə bilər.
Əraqçi bildirib:
“Qəzzada şahidi olduğumuz hadisələr nə adi müharibədir, nə də iki tərəf arasında qarşıdurma. Burada mülki əhalinin qəsdən və sistematik şəkildə məhv edilməsi baş verir. Bu, soyqırımdır.”
İsrailin Qəzzaya hücumlarının bəşəriyyətin ortaq vicdanını yaraladığını deyən nazir, baş verənlərin təkcə müsəlman dünyasını deyil, müxtəlif dinlərə mənsub milyonlarla insanı sarsıtdığını bildirib. O vurğulayıb ki, uşaqların həyatı sövdələşmə predmeti ola bilməz, aclıq silah kimi istifadə edilə bilməz və xəstəxanalar döyüş meydanına çevrilməməlidir.
“Bu gün Fələstin təkcə bir faciə deyil, həm də dünyaya tutulmuş güzgüdür”, – deyə Əraqçi qeyd edib. Onun sözlərinə görə, bu güzgü yalnız fələstinlilərin əzablarını deyil, eyni zamanda bu fəlakəti dayandırmaq gücünə malik olduğu halda susan və ya baş verənləri legitimləşdirən beynəlxalq aktorların mənəvi tənəzzülünü də əks etdirir.
Aytən Yaşar/ Turkustan.az