"Tərbiyə verin uşağınıza sonra gec ola bilər"


Bakıdakı “İdrak” liseyinin riyaziyyat müəllimi Şəhla Kamilova 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü Şəhla Kamilova əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.

Vəziyyəti orta-ağırdı. Müəllimə şəfa diləyirəm...

Mən açığı şok keçirtdim dünən. Məyyus oldum. Hələ özümə gələ bilmirəm. 2009-cu il yadıma düşdü. Dövlət Neft akademiyasında terror hadisəsi. Yəqin yadınızdadır o gün. Orda da nə qədər insan öldü. O gün qan sel kimi axdı. Yenə gərək nə qədər insan ölsün, qan axsın, sonra tədbir görəsiniz? Düşəsiniz əl-ayağa? Niyə vaxtında tədbir görmürsünüz?

O uşaq adi tapanca ilə gəlməyib. Ay bala, tüfənglə gəlib e. Atasına məxsus ov tüfəngi ilə. Metro ilə, avtobusla yox, maşınla, şəxsi sürücüsü ilə gəlib. Deməli imkanlı ailənin uşağıdır. Kasıb ailənin uşağının orda nə işi var? O məktəbin illik təhsil haqqı 16500 manatdır. Hər adamın buna gücü çatmaz axı. Bu uşaq tərbiyə görməyən, qudurğan uşaqdır! Yoxsa niyə belə etsin? 17 yaşlı uşağın bu hərəkəti insanda qorxu yaradır.
Gör nə qədər qudurub ki, müəllimə əl qaldırır. Bu biabırçılıqdır. Yəni əgər bu uşağın pulu varsa, bahalı məktəbdə oxuyursa ixtiyarı var müəllimə əl qaldırsın, hətta təhqir etsin?
Müəllim sənə təhsil verir, sənin kimi qudurğan uşaq uşaq da müəllimi bu cür alçaldır!
Bunun gələcəyi var. Gələcəkdə bu uşaq daha dəhşətli hərəkətlər edə bilər. Daha dəhşətli cinayətlər törədə bilər. Cinayətkar ola bilər...

O boyda tüfəngi necə belə rahat keçirib içəri? Qələm deyil, iynə deyil, pozan deyil. Demək ki, məktəblər, universitetlər yaxşı mühafizə olunmur. Və yaxud da o liseydə özbaşınalıq hökm sürür. Kim nə istəyir edə bilir.
Dediyim kimi, məktəbin illik təhsil haqqı 16500 manatdır, amma mühafizəsi yoxdur! Hələ bu özəl məktəbdir. Dövlət məktəblərində ümumiyyətlə mühafizə yoxdur.

Adi metroya girirsən çantanı yoxlayırlar. Bəs məktəblərdə niyə yoxlamırlar? Sabah digəri bomba gətirib məktəbi partladacaq. Onda necə? Yenə susacaqsınız?

Müəllimə atılan güllə sabah digər müəllimə də atıla bilər. O güllə təkcə Şəhla müəllimə deyil, bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə dəydi.
Sabah o güllə bizə də atıla bilər. Uşaqlarımıza atıla bilər. Mən çox narahatam.

Tərbiyə verin uşağınıza. Əsəbidirsə, psixikası pozulubsa müalicə edin, ya da təcrid edin onu bu cəmiyyətdən. Sonra gec ola bilər.

Kukla kimi, bəy kimi geyindirib göndərirsiniz məktəbə. Yaxşı edirsiniz. Amma hərdən başınızı qaldırıb, telefonu qoyun kənara, Tik-Tokdan, İnstagramdan, dedi-qodudan vaxt edib uşağınızla da məşğul olun. Evdə tərbiyə görməyən uşağı cəmiyyətə buraxmaq olmaz!

Dünənki hadisə ailələr üçün həyəcan siqnalıdır. Uşaqlarla ciddi məşğul olmaq lazımdır. Gələcəkdə daha dəhşətli hadisələrə şahid ola bilərik.

Leyla Turan


MANŞET XƏBƏRLƏRİ