Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsinə qarşı intensiv hava hücumlarını davam etdirdiyini bildirərək, Moskvanın yaxın gələcəkdə müharibəyə son qoymağa hazır olmadığına dair açıq əlamətlər göstərdiyini qeyd edib.
Turkustan.az xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşım edərək, Rusiyanın bu səhər Ukraynaya təxminən 40 raket və 400-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini açıqlayıb.
Prezident hücumların əsasən enerji infrastrukturunu hədəf aldığını vurğulayaraq bildirib:
“Təəssüf ki, enerji obyektlərinə ciddi ziyan dəyib və bu, demək olar ki, bütün ölkənin enerji təminatına təsir göstərib. Nəticədə genişmiqyaslı elektrik kəsintiləri yaşanıb.”
Zelenski Rusiyanın müharibəni dayandırmaq niyyətində olmadığını vurğulayaraq deyib:
“Rusiya yaxın gələcəkdə bu müharibəni bitirməyə hazır olduğunu göstərmir. Moskva həm cəbhə xəttində, həm də bu cür genişmiqyaslı hücumlar vasitəsilə Ukraynanı faktiki olaraq məhv etməyə yönəlmiş siyasətini davam etdirir.”
O, Rusiya ordusunun Ukraynanın həyati əhəmiyyətli enerji infrastrukturunu hədəfə almasının təkcə ölkə üçün deyil, Avropa təhlükəsizliyi baxımından da ciddi risk yaratdığını bildirib.
Zelenski sonda ABŞ, Avropa İttifaqı və onların müttəfiqlərini Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb.
Aytən Yaşar/ Turkustan.az