"Alıcılar at əti ilə mal ətini ayrıd edə bilməz".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. Onun sözlərinə görə, satıcılar at ətini hissələrə bölürlər:
"Xarici görünüşünə görə onu digər heyvanların ətindən ayrımaq mümkün deyil. Çünki bazarda həm arıq, həm kök, həm də çıxdaş olmuş heyvanların əti var, onu yalnız laboratoriya ayrıd edə bilər. İstehlakçıların özlərinin laboratoriyaları yoxdur. İstehlakçılar laboratoriyaya da müraciət etmək istəmirlər. Onun üçün ödəniş etmək lazımdır. İnsanlar 1-2 kiloqram ət alırlar, həmin əti laboratoriyaya verib yoxlatmaq alıcıya baha başa gələn prosesdir".

Vahid Məhərrəmli hesab edir ki, bazara nəzarət olunmalıdır:
"Təklif eləmişik ki, bütün heyvanlar uçota alınsın. Məsələn, atın qulağında birka olmalıdır ki, bu heyvan qeydiyyatdadır. Əgər kəsilirsə və yaxud çıxdaş olursa, ölürsə, həmin heyvanla bağlı nəsə baş verirsə, mütləq sahibi onlayn uçot sisteminə məlumat verməlidir. Belə olan halda heç kim ölmüş və yaxud da çıxdaş olunmuş heyvanı kəsib bazara çıxarmağa cəsarət edə bilməz. İnformasiya mərkəzə daxil olduqdan sonra yerlərdə, rayonlarda aqrar inkişaf mərkəzlərinin mütəxəssisləri həmin heyvanın göstərilməsini tələb edir və bundan sonra onu aktlaşdırırlar. Əgər heyvan xəstə olursa, yaxud çıxdaş edilirsə, mütləq onun utilizasiyası baş verməlidir. Yox, əgər heyvan kəsilirsə, istifadəyə yararlıdırsa, həmin sahibkara əti bazara çıxartmaq imkanı verilir".
Qeyd edək ki, Tərtərdə polis əməkdaşları ilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar. Onlar çəkisi 146 kiloqram olan qidaya yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq istəyiblər.