Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Komissiyanın İsrailə göstərdiyi ikitərəfli dəstəyi dayandıracağını və İsrailin bəzi hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq olunmasını təklif edəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Fon der Leyen Strasburqda Avropa Parlamentinin Baş Assambleyasında etdiyi illik “İttifaqın Vəziyyəti” müraciətində Qəzzadakı humanitar böhrana geniş yer ayırıb.
“Yemək üçün dilənərkən öldürülən insanlar, cansız körpələrini qucaqlayan analar... Bu görüntülər vicdan sarsıdıcıdır. Ona görə də aydın şəkildə demək istəyirəm: süni aclıq heç vaxt müharibə silahına çevrilə bilməz. Uşaqlar və insanlıq naminə bu zorakılıq dayandırılmalıdır”, – deyə fon der Leyen vurğulayıb.
O, həmçinin Fələstin Administrasiyasının maliyyə resurslarının “boğulması”, İordan çayının qərb sahilində “E1” adlanan yaşayış məntəqəsinin planlaşdırılması və İsrail hökumətinin bəzi ekstremist nazirlərinin zorakılığı təşviq edən çıxışlarını sərt tənqid edib.
Bütün bu addımları “iki dövlətli həllə qarşı açıq hücum” kimi qiymətləndirən fon der Leyen, Aİ-yə üzv bir çox ölkənin artıq öz sanksiyalarını elan etdiyini və tədbirlər gördüyünü bildirib.
Aİ Komissiyasının İsrailin "Horizon Europe" elmi-tədqiqat proqramında iştirakını qismən dayandırmaq təklifi səs çoxluğu olmadığı üçün qəbul edilməyib. Lakin fon der Leyen bu vəziyyətin dəyişməli olduğunu vurğulayıb:
“İflic vəziyyəti qəbuledilməzdir. Ona görə də Komissiya olaraq irəliyə doğru addımlar atacağıq. Birincisi, İsrailə göstərilən ikitərəfli dəstəyi dayandıracağıq. İkincisi, zorakı məskunlaşanlara və ekstremist nazirlərə qarşı sanksiyalar təklif edəcəyik. Üçüncüsü, tərəfdaşlıq sazişinin kommersiya hissəsinin qismən dayandırılmasını da gündəmə gətirəcəyik.”
Aytən Yaşar/ Turkustan.az