Alman ekspert: Trampın Rusiyaya qarşı atacağı addımlar simvolik olacaq


ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları artırmağa hazır olduğunu bəyan etsə də, bu tədbirlərin real iqtisadi təsirindən çox simvolik xarakter daşıyacağı ehtimal olunur.

Turkustan.az xəbər verir ki, bu fikirləri açıqlamasında Almaniya Xarici Əlaqələr Şurasının (DGAP) eksperti Ştefan Mayster bildirib.

“Trampın nəsə ciddi bir addım atacağına şübhə ilə yanaşıram. Çünki indiyə qədər Rusiyaya qarşı real sanksiyalar tətbiq etməyib və ümumiyyətlə, bu yöndə maraqlı görünmür. Amma indi tamamilə hərəkətsiz qalarsa, bu, onun imicinə zərbə olar və Kremlin nəzərində zəif görünər. Ona görə də, düşünürəm ki, hansısa simvolik addım atacaq, lakin bu, Rusiyaya ciddi zərər vuracaq bir şey olmayacaq,” – Mayster deyib.

Ekspert əlavə edib ki, bu vəziyyət Hindistan məsələsində baş verənlərlə oxşarlıq təşkil edə bilər – yəni, tədbirlər Ukrayna ilə birbaşa bağlı deyil, ABŞ-ın digər geosiyasi maraqları ilə əlaqəli ola bilər.

Mayster hesab edir ki, Trampın mümkün addımları rusları dayandırmayacaq:

“Putin hesab edir ki, indi daha çox ərazi ələ keçirə bilər. O, Qərbin parçalanmış olduğunu düşünür və bu səbəbdən məqsədlərinə çatmaq üçün yüksək bədəllər ödəməyə hazırdır. Ukraynaya qarşı son günlərdə intensivləşən hücumlar da bunu göstərir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ