Rusiyalı filosof, politoloq və sosioloq Aleksandr Dugin deyib ki, “Xüsusi hərbi əməliyyatın” (Ukraynaya hərbi müdaxilə – red.) daxili məqsədlərinin əhəmiyyətli hissəsi artıq həyata keçirilib.
Sitat:
“Biz faktiki olaraq bərpa prosesinə başlamışıq. Biz özümüzə qayıtmışıq. Bu, artıq özünü müstəqil dövlət-sivilizasiya, Qərbdən tamamilə fərqli cəmiyyət kimi görən Rusiyadır”.
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə tək Dugin deyil, bütün beynəlxalq münasibətlər üzrə ekspertlər görürlər ki, dünya artıq təkqütblü deyil:
“XVII əsrdəki Vestfal sistemi ingilis-frasız rəqabətini, XVIII əsrdəki Vyana sistemi “Avropa millətlər konqresi” olaraq Avropada “güc balansını”, XX əsrdəki Yalta-Potsdam sistemi ABŞ və SSRİ-nin liderlik etdiyi ikiqütblü dünya nizamını formalaşdırmışdı. Soyuq müharibənin SSRİ-nin məğlubiyyəti ilə başa çatmasından sonra XXI əsrdə ABŞ-ın liderlik etdiyi təkqütblü dünya nizamı da artıq işləkliyini itirib. Artıq 500 ildir dünyada hegemonluq edən Qərb güc mərkəzi olaraq rolunu itirməkdədir”.
Politoloq qeyd edib ki, vaxtilə imperiyalar (günəş) Şərqdə doğulduğu kimi, indi də bu tsikl təkrarlanır:
“Asiya pələngləri”, həmçinin dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan Çin də Şərq dövlətləridir. Yeni dünya nizamını yaratmağa, Qərbin maliyyə sistemlərinə alternativ sistemlərlə öz iqtisadi müstəqilliyini formalaşdırmağa çalışan ölkələr məhz onlardır. Burada xüsusilə Rusiya, Çin, Hindistanın adı çəkilə bilər. Axı Ukraynadakı müharibə səbəbilə 300 milyard dolları əlindən alınaraq dondurulan Rusiya nümunəsi həm də baş qaldırmağa çalışan güclərə dollarla yatırım-maliyyə sisteminin etibarsızlığını nümayiş etdirdi”.
Şəhla Cəlilzadə
Ekspert hesab edir ki, yalnız dollara real rəqabət gücü formalaşanda yeni Şərq blokunun üstün gəldiyinə şahid olacağıq:
“Hələlik isə bu istiqamətdə cəhdlər edilir. Rusiyaya gəlincə, vaxtilə özünü Avropa ölkəsi və mədəniyyətinin parçası olaraq görən Rusiya bu gün getdikcə Qərbdən qopur və təkbaşına Qərbə qarşı gövdə nümayişi edə bilməyəcəyinə görə özünü Şərq dünyasının bir parçası olaraq təqdim etməyə çalışır. Halbuki Putin Si Cinpindən maliyyə-ödəniş sistemləri barədə yardım xahişi edəndə aydın olmalı idi ki, Rusiyanın dünya gücü roluna iddiası mübaliğə, reallıqdan uzaqdır. Hərbi olaraq həqiqətən də kollektiv Qərb qarşısında ciddi dözüm göstərən Rusiya bunu ərazisinin genişliyinə, əhalisinin böyüklüyünə, müharibə aparmaq üçün ümummilli iradəyə borcludur. Duginin sözləri bu mənada ölkədaxili auditoriyaya hesablanıb. Çünki müharibəni davam etdirmək üçün xalqın dəstəyinə, ümummilli iradənin gücləndirilməsinə ehtiyac var – onu öz böyüklüyünə inandırmaq lazımdır. Filosof olaraq Dugin buna hesablanan çıxış edir”.
Ş.Cəlilzadə qeyd edib ki, keçmişdə imperiyaları ayaqda tutan işğalçı savaşlar, müharibələr idi:
“Bu, sadəcə Rusiyaya deyil, digərlərinə də aid edilə bilər. Lakin yeni dövr yeni yanaşmalar tələb edir. Məsələn, ABŞ Avropanı “Marşall planı” ilə, Çin müasir dünyanı “iqtisadi kəmərlə” fəth edir. Rusiyanın isə nəinki dünyanı, heç öz iqtisadiyyatını müstəqil şəkildə ayaqda tutmaq üçün təkbaşına gücü kifayət etmir.
Rusiyanın dövlət olaraq mövcudluğunu və gələcək dünya nizamında yerini yalnız Rusiya xalqının Ukrayna müharibəsi fonunda dözümü, iradəsi və hərbi maşının davamlı işləyişi təmin edəcək. II Dünya müharibəsində Moskvanın mühasirədən çıxarılması və Stalinqrad döyüşü bu baxımdan rus filoslarının əsas dayaq nöqtəsidir”.