Sabiqlərlə bağlı sensasion: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...


Azərbaycanda vaxtaşırı yüksək vəzifələrdə təmsil olunmuş şəxslərin əmlaklarını satmaları, bizneslərini xarici ölkələrə köçürmələri barədə xəbərlər yayılır. Bu proses demək olar ki, hər zaman müşahidə olunub. Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədov və oğlu Anar Məmmədovla bağlı beynəlxalq mediada araşdırmalar dərc edilib. Həmçinin keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun biznesini Böyük Britaniyaya köçürdüyü barədə çox yazılıb. Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun, Meliorasiya və Su Təsərrüfatı ASCnin sədri olmuş Əhməd Əhmədzadənin və onlarla sabiqin digər ölkələrdə əmlaklarının olduğu sirr deyil. Son günlər sabiq iqtisadiyyat naziri Heydər Babayevin və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin daşınmaz əmlaklarını satışa çıxardığı və ya vəsaitlərini başqa ölkəyə yönləndirdiyi barədə iddialar gündəmə gəldi.

Bu nəhəng pul transferləri nədən xəbər verir? Onların nəzarətində olan vəsaitlər dövlətin balansına keçirilə bilərmi? Ümumiyyətlə, sabiqlərin biznesi ölkə üçün hər hansı təhlükə törədirmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, məmurların böyük əmlaka sahib olması ölkənin maraqları üçün təhlükədir:

“Bu, həmin əmlakın satışa çıxarılıb-çıxarılmamasından və ya xaricə köçürülməsindən asılı deyil. İri və ya orta məmurun aldığı maaş (təxminən 2000-5000 manat) bəllidir. Bu vəsaitlə onlar öz ailələrini bir ay ərzində çətinliklə dolandıra bilərlər. Əgər onların nəzarətində dəyəri bəzən 10, 100 milyonlarla ölçülən mülkiyyət varsa, deməli, bu əmlaklar korrupsiya, yaxud oğurluq yolu ilə əldə edilib. Korrupsionerlərin yeri isə hansısa dövlət orqanında vəzifə tutmaq yox, dörd divar arasında qalmaq, azadlığa çıxacaqları günləri saymaq olmalıdır. Fikrimcə, belə şəxslər biznesini xaricə daşımağa fürsət tapa bilirlərsə, deməli, hüquq-mühafizə orqanlarımız gecikib. Amma buraxılmış səhvləri düzəltmək mümkündür. Aidiyyəti qurumlar dərhal hərəkətə keçib iri dövlət məmurlarından mülkiyyət deklarasiyası istəməli, bu qədər vəsaiti hansı yolla topladıqlarına aydınlıq gətirməlidir. Maaşına rəğmən kifayət qədər mülkiyyətə sahib olan məmurların əmlakları dərhal müsadirə olunmalı, lazım gələrsə, onlar hərraca çıxarılıb satılmalı və bu vəsaitlərin saxlanıldığı fondlar yaradılmalıdır”.

Ekspert bildirib ki, həmin vəsaitlərin ölkənin mənafeyi üçün müəyyən proqramlara yönəldilməsi vacibdir:

“Oğru və korrupsioner məmurlar isə digərlərinə ibrət olsun deyə cəzalandırılmalıdır. Ölkə sərvətlərini əlində cəmləyən iri məmurların yarada biləcəyi təhlükəyə gəlincə, bu da mümkündür. Əslində korrupsioner məmurlar müxtəlif dövlət qurumlarına yerləşdirilmiş, sapı özümüzdən olan xarici emissarlardır. Onların əsas məqsədlərindən biri sərvətlərimizi talayaraq xidmət etdikləri dövlətlərə ötürmək, onların iqtisadiyyatını gücləndirmək və bunun müqabilində Azərbaycanı zəiflədib asılı vəziyyətə salmaqdır. Digər mühüm vəzifələri isə lazım olarsa, ələ keçirdikləri təsir vasitələrindən istifadə edərək xalqı dövlət əleyhinə qaldırmaq və siyasi dəyişikliklərə təzyiq göstərməkdir. Belə ilan təbiətli emissarların quyruqlarını tapdalasan, başlarını qaldırıb dövlətimizi çalacaqlar. Odur ki, onlar hərəkətə keçməmiş başları əzilməlidir”.


MANŞET XƏBƏRLƏRİ