Azərbaycanda Süni İntellekt Nazirliyi yaradılacaq?


Xəbər verdiyimiz kimi, dünən Süni İntellekt Akademiyasının açılışı böyük maraqla qarşılandı.

Bu təşəbbüs süni intellekt sahəsində təhsil, inkişaf imkanlarını genişləndirməklə yanaşı, gələcəkdə bu sahəni idarə edəcək nazirlik və ya agentliyin yaradılması ehtimalını da gündəmə gətirir.

Maraqlıdır, gələcəkdə Azərbaycanda Süni İntellekt Nazirliyi, yaxud da Süni İntellekt Agentliyi yaradıla bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, Azərbaycanda süni intellekt üzrə ayrıca qurumun yaradılması mümkündür:

“Dünyada süni intellektin tətbiqi və idarə olunması sürətlə genişlənir, buna görə də bir çox ölkələrdə ayrıca qurumların yaradılması gündəmə gətirilir.

Azərbaycanda Süni İntellekt Akademiyasının açılması əslində bu sahənin prioritet elan olunmasının göstəricisidir.Gələcəkdə süni intellekt üzrə ayrıca nazirlik və ya agentlik qurulması ehtimaldan kənarda deyil. Çünki bu texnologiya yalnız texniki tərəflə məhdudlaşmır, həm iqtisadiyyat, həm hüquq, həm də təhlükəsizlik aspektləri var.

Məsələn, Avropa İttifaqında süni intellekt üçün ayrıca hüquqi çərçivə hazırlanır, Çində isə dövlət səviyyəsində süni intellekt üzrə milli strategiya icra olunur. Azərbaycanda da analoji yanaşma ola bilər”.

Ekspert qeyd edib ki, belə bir qurumun yaradılması üç səbəbdən aktuallaşa bilər:

"Normativ-hüquqi tənzimləmə fərdi məlumatların qorunmasını, etik qaydaları və hüquqi məsuliyyəti əhatə edir. Bundan əlavə sektorun inkişafı, yəni startapların dəstəklənməsi, kadr hazırlığı və dövlət və özəl əməkdaşlığının koordinasiyası ilə bağlıdır.

Həmçinin, milli təhlükəsizlik və strateji maraqlar isə kritik infrastrukturda süni intellektin tətbiqinin idarə olunmasını tələb edir. Bu gün üçün belə bir qurum olmasa da, gələcəkdə süni intellektin iqtisadi və sosial təsiri artdıqca ayrıca agentliyin və ya hətta nazirliyin yaradılması tamamilə real görünür”.


MANŞET XƏBƏRLƏRİ