Kremldən Ermənistana: “Quru yolunu gözünə qara edərəm, özünü yaxşı apar”, xəbərdarlığı


“Təsadüf”ə baxın: Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının tamamilə çıxarılması tələbi ilə etiraz aksiyası keçirilir və eyni saatlarda Rusiyaya kənd təsərrüfatı məhsulları və müxtəlif təyinatlı yüklər daşıyan Ermənistana məxsus yük maşınları Yuxarı Lars buraxılış məntəqəsindən “suyu süzülə-süzülə” geri qayıdırlar.

Rusiyaya məxsus hərbi bazanın qarşısında aksiyanı “Respublika naminə” Partiyası və onun tərəfdarları təşkil etmişdilər. Özü də etirazlar Ermənistanın müstəqillik bəyannaməsini qəbul etməsinin 35-ci ildönümündə keçirildi. Bu faktlar çox şey deyir. Anti-Rusiya mövqeli qüvvələr müstəqillik sənədinə istinad edib, Ermənistanda azı 44 il qalmağı hədəfləyən rus bazasına “asi” çıxır.

Etirazçılar Ermənistan hökumətindən azı 2044-cü ilə qədər Gümrüdə qalmağı hədəfləyən Rusiya hərbi bazasının ölkə ərazisindən tamamilə çıxarılmasını tələb edirlər. Düzdür, aksiyanın qarşısını almaqdan ötrü polis dəstələri də əraziyə yerləşdirilmişdi. Ancaq heç şübhəsiz ki, bu etirazlar yuxarı səviyyədə sanksiyalaşdırılmışdı. Çünki hələ bir neçə ay öncə baş nazir Nikol Paşinyan Rusiyanın hərbi bazaya naməlum yüklər daşımasından narahatlığını açıq ifadə etmişdi. Baxın, ölkənin rəhbərliyi bilmir ki, onun ölkəsinə nə daşınır, məqsəd nədir? Hər halda xoş məramdan xəbər vermirdi bu hərbi yüklər. Üstəlik, Gümrüdəki hərbi kontingentin şəxsi heyətinin də artırıldığı xəbərləri yayılıb. Ukrayna ilə dəhşətli müharibədə onsuz da canlı qüvvəyə ehtiyac duyan, etnikləri ön cəbhəyə yollamaq hesabına, həmçinin Şimali Koreya və digər ölkələrdən hərbi dəstək almaq bahasına Kreml işğalı davam etdirir. Eyni zamanda sanksiyalar çənbərində olan Rusiyanın Ermənistana hərbi texnika, silah-sursat toplaması da məntiqdən kənar addımdır. Məqsəd nədir, Rusiya Ermənistanı ilhaqa hazırlaşır, yoxsa bu ölkədən özünə qarşı “ikinci cəbhə” açılmasından ehtiyatlanır? Hər halda Paşinyanın özü üçün belə qaranlıq olan məsələlər barədə mühakimə yürüdə bilmərik.

Ermənistanla Rusiya arasında vaxtaşırı belə bir gərgin situasiya yaranır, xüsusilə də son 7 ildə, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra “soyuq müharibə” vaxtaşırı özünü göstərib. Hətta Ermənistan “Rusiyanın onu silahla təmin etməməsi” və bura “sərmayə qoymaması”na görə yeni təhlükəsizlik tərəfdaşları və iqtisadiyyatın diversifikasiyası axtarışında olduğunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən bəyan edəndən sonra onun qandaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanın Moskva ilə əlaqələrini pisləşdirmək üçün “şüurlu qərar” qəbul etdiyini deyərək, xəbərdarlıq etmişdi ki, Moskva İrəvanla münasibətlərə yenidən baxa bilər. Ayrı-ayrı vaxtlarda Ermənistan Rusiya ilə alverə getməyi bacarıb, Avropa İttifaqına, ABŞ-yə hər dəfə iki addım atdıqdan sonra Rusiyanın təhdidlərinin qarşılığında bir addım geri çəkilib, hətta Rusiyadan yardım adı altında rüşvət də alıb, ötən illərdən həll olunmayan silah alışını da reallaşdırıb.

Amma belə görünür ki, daha Moskva da Ermənistanla bu şəkildə danışmağın mümkün olmadığını özü üçün dəqiqləşdirib və açıq şəkildə təhdidlərə keçib. Xüsusən də Vaşinqtondakı sülh razılaşmalarından sonra Kremlin qəzəbi soyumur. Baş nazirin müavini Overçukun İrəvana qəfil səfərinin və Paşinyanla görüşünün nəticə vermədiyini media da yazdı. Məhz bundan sonra Rusiya Ermənistanın “şaftalısını vurmağa” başladı. “Fitosanitar” qaydalara uyğun gəlmədiyini iddia edirlər, amma ermənilər də deyir meyvə-tərəvəzi başa düşdük, bəs qeyri-ərzaq mallarının yeganə quru yolla geri qaytarılmasına nə deyirsiniz? Bəli, Rusiyanın qərarı iqtisadi deyil, siyasidir. “Göz yaşlarına inanmayan” Moskva tarix boyunca vay-şivənlə irəli düşən haylara deyirlər ki, əgər mənim nəzarət etməli olduğum Zəngəzur yolunu “Tramp marşrutu” kimi tanıyıb, dəhlizi 99 illik amerikanlara verirsinizsə, onda şaftalınızı da aparın, okeanın o tayında xırıd eləyin! Eləcə də digər mer-meyvənizi, məhsullarınızı...

Azərbaycana qarşı “pomidor-xiyar müharibəsi”nə bənzər bir şeydir. Aqoniya vəziyyətində olan ölkə qonşuları və müttəfiqləri ilə münasibətləri tənzimləyə bilmir, yaxud da istəmir. Rusiya həm də Ermənistandakı “5-ci kolon”una ümid bəslədiyi üçün çox da dərinə getmir. Məsələn, istəsə, gecənin yarısı ən ucuz qaz satdığı Ermənistana şok yaşadar. Amma o zaman qışın soyuğunda bahalı qaz tədarük edə bilməyən Ermənistan və onun əhalisi Rusiyanı “yaş yuyub-quru sərər”. Kreml hələlik buna getmək istəmir. Ona görə də Rusiyanın Ermənistana Yuxarı Lars dirsəyi xəbərdarlıqdır. Deyir elə olmasın ki, sənin quru yolunu gözünə qara eləyim, özünü yaxşı apar!

Rusiyanın “5-ci kolon”una daxil olan “Ana Ermənistan” partiyasının cavab aksiyası isə əks-aksiya keçirərək Ermənistanın ərazisində “102-ci hərbi bazanın mövcudluğunun əhəmiyyətinə” həsr olunmuş tədbir keçirir. Təbii ki, bu da təsadüf deyil.

İrəvanda isə vəziyyətin gərginliyini anlayırlar. Çox güman ki, Ermənistan hökuməti ehtiyatlı davrandığına görə, bütün sosial şəbəkə və media orqanlarında videokadrları belə yayılan TIR-ların geri qaytarılmasını təkzib etməyə çalışıb. İqtisadiyyat naziri Gevorq Papoyan müxalif deputatın bəyanatına cavab olaraq bildirib ki, guya hər gün xeyli sayda erməni yük maşını Rusiya Federasiyasına daxil olur və yalnız dördündə problem yaranıb. Onun iddiasına görə, avqustda Ermənistandan ixrac edilən 2,4 mindən çox yük maşını Rusiyaya daxil olub .

Bundan əvvəl müxalifətçi deputat Qarnik Danielyan Rusiya Federasiyasına gedən kənd təsərrüfatı məhsulları daşıyan çoxlu avtomobillərin Gürcüstan-Rusiya sərhədindəki “Verxniy Lars” keçid məntəqəsindən geri qayıtdığını, guya fitosanitar şəraitdə problem olduğunu bildirmişdi. Deputat əlavə edib ki, digər malları olan yük maşınları da hərtərəfli yoxlanılır və bu da onların Rusiya Federasiyasına daxil olmasını çətinləşdirir. O, tikinti materiallarını daşıyan yük maşınlarının problemlərini də diqqətə çatdırıb. Belə, özü Avropanın 18 sanksiya paketi ilə üz-üzə qalan Rusiya dünənə qədər forpostu olan Ermənistana qarşı gizli şəkildə sanksiyalar tətbiq etməyə başlayıb... /musavat.com/


MANŞET XƏBƏRLƏRİ