Türkiyə Xarici işlər Nazirliyi İsrailin Şərqi Qüdsü İordan çayının qərb sahilindən ayırmağı hədəfləyən E1 planını təsdiq etməsini pisləyib.
Turkustan.az xəbər verir ki, Nazirlik, "Qərbi Şəriyə və Şərqi Qüdsü ayırmağı hədəfləyən Məskunlaşma Planının təsdiqlənməsi ilə bağlı" başlıqlı yazılı açıqlamada bu barədə məlumat verib:
Biz İsrailin E1 bölgəsində yaşayış məskənləri tikmək planını təsdiqləməsini pisləyirik. İordan çayının qərb sahilini Şərqi Qüdsdən təsirli şəkildə ayıracaq bu addım beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə məhəl qoymur və Fələstin Dövlətinin ərazi bütövlüyünü, iki dövlətli həllin əsaslarını və davamlı sülh ümidlərini hədəfləyir.
1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla, coğrafi cəhətdən inteqrasiya olunmuş, müstəqil və suveren Fələstin Dövlətinin yaradılması regionda ədalətli və davamlı sülhə nail olmağın yeganə yoludur.
Fələstin xalqının ədalətli işini və qətiyyətli mübarizəsini dəstəkləməyə davam edəcəyik”.
Aytən Yaşar/ Turkustan.az