Qazaxıstanda vəziyyət yenə qarışdı - ETİRAZ AKSİYASI


Qazaxıstanın Manqistau vilayətində daha üç şirkətin işçiləri etiraz aksiyası keçirib.

Onlar Qazaxıstan Prezidentinə etdikləri videomüraciətdə iş şəraitinin pis olmasından şikayətlənib və maaşların artırılmasını tələb ediblər.

Sosial şəbəkələrdə yayılan videoda Manqistau vilayətinin Sayotes kəndindəki dəmir yolu müəssisəsinin işçiləri bildirib: "Qiymətlər qalxır, kommunal xərclər, dərmanlar bahalaşır, maaşımız çatmır. Biz tələb edirik ki, maaşımız ayda ən azı 500 min tenge olsun".

Onlar həmçinin işçilərin pulsuz naharla təmin olunmasını, 57 yaşında pensiyaya çıxmasını tələb edirlər. "Tələblərimiz yerinə yetirilməsə, martın 10-da dinc aksiyaya başlayacağımız barədə xəbərdarlıq edirik", - deyə müraciətdə qeyd edilir.

Onlar "Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayevi vəziyyətə diqqət yetirməyə çağırıblar.

Bundan başqa, Manqistau vilayətindəki üçüncü şirkətin, "Emir Oil" neft şirkətinin işçiləri də təhlükəsizlik qaydalarının pozulmasına etiraz olaraq müraciət yayıb. Onlar təhlükəsiz iş şəraitinin yaradılmasını tələb edib.

Etirazçılar hakimiyyəti şirkətlə bağlı araşdırma aparmağa və rəhbərlik dəyişikliyinə nail olmağa çağırıblar. Əks halda, onlar işləri dayandıracaqları barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, fevral ayının əvvəlindən Manqistau vilayətində fəhlələrin etirazları səngimir. "KazMunayQaz"ın Janaozen şəhərində törəmə şirkəti olan "KMG-Security" mühafizə şirkətinin işçiləri fevralın 9-da tətil etdikdən sonra onların tələbləri yerinə yetirilib. Burqılau neft-mədən xidməti müəssisəsində işçilərin tətili fevralın 10-da da davam edib. Onlar iş vaxtından əlavə ödənişin edilməsi, iş şəraitinin yaxşılaşdırılması və rəhbərliyin dəyişdirilməsi də daxil olmaqla bir sıra tələblər irəli sürüblər.

Fevralın 10-dan etibarən, etirazlar Aktau şəhərində də baş qaldırıb. Aktobe şəhərindəki qaz operatoru "KazTransGas"a hesablaşma xidmətləri göstərən "QazServiceGroup" şirkətinin yüzdən çox nəzarətçisi maaşın az olmasına etirazını bildirib. Təbii qazın ödəniş qəbzini evlərə paylayan 180-ə yaxın işçi maaşlarının 100 faiz artırılmasını tələb edir. İşçilərin dediyinə görə, hazırda onların maaşı 60 min təngədən bir qədər çoxdur. Onlara nəqliyyat xərcləri üçün də 7 min təngə verilir.

Bu məqsədlə 100 nəfərdən çox nəzarətçinin "QazServiceGroup"un ofisində olduğu xəbər verilir. Onların vilayət mərkəzlərinə gedə bilməyən həmkarları isə öz tələblərini videomüraciət şəklində irəli sürüb. Onlar ümumilikdə, Şalkar, Muğaljar, Kobdinski və Xromtau rayonlarında 200-ə yaxın ailədən olan işçilərdir.

Lalin "QazServiceQroup" şirkətindən maaşların artırılmayacağını bildiriblər: "Biz heç nə istehsal etmirik. Bizim "KazTransQaz"la müqavilə əsasında öhdəliklərimiz var. Orada məbləğ yazılıb. Bizim hələ əməkhaqqını artırmaq imkanımız yoxdur və nağd pul daxilolmalarını artırmağın yollarını axtarırıq. Şirkətin gəliri artarsa, işçilərin maaşı artacaq", - "QazServiceGroup"un rəhbəri Alibey Dosmuhəbbətov belə deyib.

Lakin etirazçılar şirkət rəhbərinin cavabı ilə kifayətlənməyib. Onlar maaşların artırılması üçün rəhbərliyə fevralın 15-dək vaxt veriblər. Əks təqdirdə, qaz nəzarətçiləri fevralın 15-də Aktobedə 200 nəfərlik etiraz aksiyası keçirəcəklərini bəyan ediblər.

Göründüyü kimi, Qazaxıstanda yanvar ayının əvvəlində Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı silahlı qüvvələrinin silah gücü ilə yatırdığı etiraz aksiyaları yenidən baş qaldırır. Ölkədə ictimai fəalların həbsinin davam etməsinə baxmayaraq, gərginliyin yenidən artması müşahidə olunur. Hazırkı aksiyalar əvvəlki ilə müqayisədə dinc xarakter daşımasına və kütləvi olmamasına baxmayaraq, hər iki halda oxşar məqamlar görmək mümkündür. Belə ki, həm yanvar ayının əvvəlində də səsləndirilən şüarlar indiki kimi sosial tələblərlə bağlı idi. Lakin qısa müddətdə proseslər siyasi müstəviyə keçdi.

Digər uyğun cəhət hazırkı aksiyaların keçirilməsi barədə hakimiyyət orqanlarına heç bir məlumatın verilməməsidir. Yəni insanlar yenidən icazəsiz aksiyalar keçirməkdən çəkinmir. Ölkədə müşahidə olunan bahalaşmaya baxmayaraq, aztəminatlı təbəqənin gəlirlərinin artması ilə bağlı hökumət ciddi tədbir görmür. Bu da öz növbəsində, yanvar hadisələrindən sonra hakimiyyətdən kifayət qədər narazı olan cəmiyyətin ayağa qalxması üçün "qığılcım" rolu oynaya bilər.

İlin əvvəlində baş verən etirazlardan fərqli olaraq, bu dəfə narazı kütlənin hədəfi "Nazarbayev klanı" deyil, Prezident Qasım-Jomart Tokayevdir. Son günlər Qazaxıstanda yanvar hadisələri zamanı həm gülləbaran nəticəsində, həm də işgəncədən ölənlərin sayının artdığını təsdiq edən yeni faktların ortaya çıxması Tokayev hakimiyyətinə qarşı narazılığı artırıb.

Demək olar ki, artıq Nazarbayev faktoru bir növ unudulub və ictimai səviyyədə ittihamlar birbaşa Tokayevə yönəlib. Gənc övladlarını, yaxın qohumlarını itirmiş insanlar bütün bunlara görə Prezident Tokayevin məsuliyyət daşıdığını deyir. Bu isə o deməkdir ki, Qazaxıstanda kütləvi etirazlar baş qaldırsa, aksiyaların iştirakçıları yalnız maaşının azlığından narazı qalan dəmiryolçular olmayacaq. Yaxınlarını itirmiş insanların bu prosesə qoşulması hadisələrin siyasi müstəviyə keçməsini qaçılmaz edə bilər. Bu zaman siyasi tələb kimi Tokayevin istefası qoyulacaq.

Bu arada Rusiyaya səfər edən Qazaxıstan Prezidenti həmkarı Putindən növbəti siyasi dəstək mesajları alıb. Prezident Putin yanvar hadisələri zamanı Moskvanın "öz əlini qonşu dövlətin çiyninə qoyub".

Putin Tokayevlə danışıqları zamanı Qazaxıstan hakimiyyətinin xaricdən müdaxilə versiyasını dəstəkləyərək bildirib ki, Qazaxıstan ölkə daxilindəki vəziyyətdən istifadə edən beynəlxalq quldur dəstələrinin qurbanı olub.

Kremlə səfər Qasım-Jomard Tokayevə Qazaxıstan cəmiyyətində toparlanıb ayağa qalxmaq səylərinə xəbərdarlıq üçün mühüm əhəmiyyət daşıyır. Ancaq Rusiya Prezidenti bu dəstəyi Tokayevə əvəzsiz vermir. Vladimir Putin yanvar ayında Tokayevi "Nazarbayev klanı"ndan azad etdi və Qazaxıstanın şəriksiz prezidentinə çevirdi.

İndi Tokayevdən bunun qarşılığını qaytarmaq, yəni Qazaxıstanı Rusiya və Belarusun birgə yaratdığı İttifaq Dövlətinə daxil etmək tələb olunur. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya televiziyasına açıqlamasında ititifaqın gələcək üzvü kimi Qazaxıstanın da adını çəkməsi Kremlin planlarını açıq nümayiş etdirir. Son həftələr ərzində Tokayevin özü də Rusiyaya münasibətdə tez-tez "müttəfiq dövlət" ifadəsini işlədir. Ona görə də Qazaxıstan Prezidentinin Rusiya səfərinin əsl məqsədinin məhz İttifaq Dövləti mövzusu olduğu bildirilir. Çox güman ki, qapalı danışıqlarda bu məsələ Putinlə müzakirə olunub. Təbii ki, Tokayevin Putinin bu təklifini qəbul etməmək imkanı sıfıra bərabədir.

Ancaq Rusiya ilə vahid dövlətdə birləşmək qərarı Qazaxıstanda etirazların baş qaldırmasına gətirib çıxara bilər. Çünki yanvar hadisələrindən sonra Qazaxıstan ictimaiyyətində Rusiyaya qarşı ciddi narazılıq yaranıb. Üstəlik, Rusiya ilə İttifaq Dövlətinə daxil olmaq Prezident Tokayevin Qazaxıstanın dövlət müstəqilliyini və suverenliyini güzəştə getməsi demək olar. Bunun isə Qazaxıstanda sükutla qarşılanacağı inandırıcı görünmür. /cebhe.info/


MANŞET XƏBƏRLƏRİ