İran Prezidentinin ölkəsində və Azərbaycanda nüfuzunun artması kimləri hərəkətə gətirib?
Son günlər İranda SEPAH-a bağlı Telegram kanalları və bir sıra radikal mollalar yenidən çıxışlarında Azərbaycana qarşı fikirlər səsləndirməyə başlayıblar. Aydın məsələdir ki, son hücumlar mollaları və onların silahlı birləşməsi olan SEPAH-ı xeyli dərəcədə zəiflətdi, nüfuzlarına zərbə vurdu, uzun illər ərzində formalaşdırılmış “toxunulmazlıq mifi”ni darmadağın etdi.
12 günlük münaqişədə atəşkəs razılaşmasının əldə olunması yalnız və yalnız Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin səyləri ilə mümkün olub. Hətta dünya mediasında belə xəbərlər də yayılmışdı ki, bəzi mollalar gizləndikləri bunkerlərdən bu iki şəxsə ardıcıl mesajlar ataraq, “çalışın bir şey edin” deyə özlərinin heç nə edə bilmədiklərini faktiki etiraf ediblər.
Baş verənlərdən sonra SEPAH və mühafizəkar kəsimə aid qrupların “güvən indeksi”, belə desək, ciddi dəyər itirib. İran cəmiyyətində onlara əvvəlki güvən qalmayıb. Əvəzində isə Pezeşkian və Əraqçinin “etibar səhmləri” yüksəlib. Cəmiyyət gördü ki, bu iki şəxs hadisələrə normal ağılla, məntiqlə, soyuqqanlı yanaşmağı, beləliklə ölkəni fəlakətdən qurtarmağı bacarır. Belə bir ab-havanın meydana gəlməsi, eləcə də Pezeşkianın son Xankəndi səfəri zamanı Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi təmasları, apardığı müzakirələr, Azərbaycanda çox böyük rəğbət qazanması mühafizəkar qanadın bir sıra təmsilçiləri və “şarjı azalmış” SEPAH tərəfindən aqressiv qarşılanır. Ona görə də indi bu qruplar Məsud Pezeşkianı açıq şəkildə hədələməyə başlayıb, soydaşlarımızdan Azərbaycan əleyhinə fikirlər toplayaraq onu sosial mediada tirajlamağa çalışırlar.
M.Pezeşkian isə İrana geri döndükdən sonra açıq şəkildə bəyan etdi ki, onu bu səfərdən çəkindirməyə çalışıblar. Kim?
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu sualın cavabı əslində hamı üçün məlumdur: “Təbii ki, Pezeşkianın qarşısını mühafizəkar mollalar və SEPAH kəsmək istəyib. Görün vəziyyət hansı həddə gərgin olub ki, onlar Pezeşkianı guya təhlükəsizliyinə təhdid olduğu ilə qorxudub çəkindirməyə çalışıblar. Bütün bunların məqsədi nədir? İran daxilində Azərbaycana qarşı artan simpatiyanı zədələmək. İran böyük əraziyə malik dövlətdir və əslində oranın daxili vəziyyəti efirlərdən göründüyü kimi deyil. İranda TV-lər rejimin total nəzarəti altındadır və bu səbəbdən onların efirləri hələ də "ağ-qara" qalmaqdadır. Ancaq reallıq isə fərqlidir, daxildə kifayət qədər rəngarənglik və müxtəlif baxışlar mövcuddur. Son dövrlərdə İran daxilində mühafizəkar rejimə qarşı neqativ münasibətin hərarəti artır. Son hadisələr isə bu gərginliyə əlavə təzyiq yaradır. Daxildə iqtisadi vəziyyət heç də ürəkaçan deyil - milli valyuta sürətlə dəyərdən düşür və artıq kağız parçasına çevrilməkdədir. 100 ABŞ dollarını İran rialına çevirdikdə əldə olunan məbləği gəzdirmək üçün pulqabı yox, çanta lazım olur. Əlavə olaraq, ölkədə enerji ilə bağlı ciddi problemlər yaşanır. Günün müəyyən saatlarında işıqlar sönür, növbəli enerji rejimi tətbiq edilir. Bu isə insanların gündəlik həyatına ciddi diskomfort yaradır. Aydın məsələdir ki, son olaylardan sonra İran daxilində iqtisadi gərginlik daha da artıb. Pulu dəyərsizləşən, alıcılıq qabiliyyəti azalan, dünya ilə əlaqəsində ciddi filtrlərlə üzləşən cəmiyyət artıq çox yaxşı başa düşür ki, bütün bu vəziyyətin əsas səbəbkarı mühafizəkarlardır".
Politoloqun qənaətincə, mollalar da anlayırlar ki, onların uzun illər ərzində qurduqları mif xeyli dərəcədə dağılıb, sütunlar zədələnib və titrəyir. Bir daha İranda cəmiyyətin ayağa qalxıb küçələrə çıxması baş verərsə, bu dəfə onun qarşısında dayanmaq mümkün olmayacaq: “Bəs belə bir vəziyyətdə nə edə bilərik? Aydın məsələdir ki, Azərbaycanın xarici siyasəti qonşuların daxili işlərinə qarışmamaq prinsipinə əsaslanır. Azərbaycan qonşularında sabitliyin olmasında maraqlıdır. Çünki sərhəddə qeyri-sabitlik nə iqtisadi, nə də siyasi maraqlarımıza cavab verir. Lakin İran daxilində Azərbaycan əleyhinə yayılan xəbərlərə susmaq, göz yummaq, arxa çevirmək də mümkün deyil. Yalan nə qədər çox yayılarsa, bir müddətdən sonra həqiqət kimi qəbul olunur və sonradan onun dəyişdirilməsi çox çətinləşir. İran daxilində bəzi media və Telegram kanallarında yayılan xəbərlərin əsassız olduğunu məhz fars dilində onların diqqətinə çatdırmaq lazımdır. Bunun üçün yeni Telegram kanalları, internet saytları yaradılmalı və dezinformasiyaya qarşı əsl informasiya savaşı aparılmalıdır. Farsdilli ekspertlər və jurnalistlərdən ibarət şəbəkə formalaşdırılmalıdır. Bu məqsədlə gənc, araşdırma yönümlü jurnalist və analitikləri müəyyənləşdirib bu şəbəkəyə cəlb etmək mümkündür”.
Q.Hüseynli dedi ki, Azərbaycan İranda sabitliyin qorunmasında maraqlıdır, lakin bu, o demək deyil ki, biz susaraq, birtərəfli və təhrif olunmuş məlumatlarla Azərbaycanı “ağ-qara” formada təqdim edənlərə göz yummalıyıq: “Azərbaycan artıq o mərhələni çoxdan arxada qoyub. İndi bizim cəmiyyət açıq, rəngarəng və öz gücünə inanan bir cəmiyyətdir. Kimsə bizim soydaşlarımızı bizdən incitmək, araya məsafə salmaq, süni qarşıdurma yaratmaq istəyirsə, bu cəhdlərə qarşı qətiyyətlə, aydın və sərt şəkildə cavab verilməlidir”.