İsrail xarici işlər naziri Gideon Saar ölkəsinin İranla bağlı hədəflərini açıqlayaraq, hakimiyyət dəyişikliyinin hələ strategiyanın bir hissəsi olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, o, bu barədə Almaniyanın “Bild” qəzetinə müsahibəsində danışıb.
“İranın nüvə proqramı, raket proqramı və hərbi komandanlığının ləğvi bu müharibənin rəsmi və artıq elan edilmiş məqsədləridir”, - nazir bildirib.
Saar İranın Ali rəhbəri Əli Xameneinin aradan götürülməsinin onların arasında olub-olmaması sualını cavablandırmayıb: “Biz heç vaxt nə edəcəyimizi əvvəlcədən demirik”.
Nazir əlavə edib ki, İranda hakimiyyət dəyişikliyi hələlik strategiyanın bir hissəsi deyil: “Təhlükəsizlik Şurası hələ bu müharibədə rejim dəyişikliyini məqsəd kimi müəyyən etməyib. Ən azı hələlik...”.
Saar vurğulayıb ki, münaqişənin diplomatik yolla həllinə inanmır:
“Mən İranla diplomatiyaya o qədər də inanmıram. Əvvəlki bütün diplomatik səylər uğursuzluğa düçar olub. Onlar adətən danışıqlardan fırıldaqçılıq, vaxt qazanmaq və özləri üçün irəliləyiş əldə etmək üçün istifadə edirlər. Onların davranışlarını dəyişəcəyinə inanmıram”./teleqraf