İran: İsrailin hücumları ABŞ-ın dəstəyi ilə həyata keçirilib


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin hücumlarının ABŞ-ın koordinasiyası və dəstəyi ilə həyata keçirildiyini bildirib.

Turkustan.az xəbər verir ki, Bekayi paytaxt Tehranda Xarici İşlər Nazirliyi binasında keçirdiyi mətbuat konfransında İsrailin hücumları ilə başlayan İran-İsrail münaqişəsi ilə bağlı qiymətləndirmələr edib.

İsrailin hücumlarının ABŞ-la danışıqlar prosesinin davam etdiyi bir vaxtda baş verdiyini qeyd edən Bekayi: "Sionist rejimin təcavüzü ilə qarşılaşdığımız zaman diplomatik prosesin və danışıqların ortasında idik. Daha əvvəl də qeyd etdiyim kimi, sionist rejimin bu hərəkətinin, ABŞ-ın diplomatik əməkdaşlığı və danışıqlar prosesinin koordinasiyası və diplomatik dəstəyi olmadan həyata keçirildiyinə inanmırıq".

"ABŞ və Qərb ölkələrinin İsrailə verdiyi dəstəyin sülh və təhlükəsizliyi görünməmiş bir təhlükə qarşısında qoyduğunu" deyən Bekayi: "BMT Təhlükəsizlik Şurası üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. İkiüzlülük, yalnız təcavüzü qanuniləşdirmək və ya təcavüzkarla hücuma məruz qalan ölkənin mövqeyini eyniləşdirmək riyakarlıqdan başqa bir şey deyil"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ