ABŞ-ın Afrika Komandanlığı rəhbəri general Maykl Lenqli və komandası tərəfindən hazırlanan gizli hesabat Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinə təqdim olunub.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Konqresinə yaxınlığı ilə tanınan “Hill” məlumat yayıb.
Hesabatda Afrikanın qərbində yerləşən Sahel bölgəsində Mali, Burkino-Faso və Nigerdə fəaliyyət göstərən radikal islamçı terror qruplarının ABŞ-a qarşı yeni bir 11 sentyabr hücumu planlaşdıra biləcəyi qeyd olunub. Hesabatda Rusiyanın bu qruplara dəstək verdiyi də bildirilir:
“Sahel bölgəsində Fransa və ABŞ-ın hərbi mövcudluğu yeni çevrilişlərdən sonra zəifləyib, hərbi bazaların çoxu bağlanıb. Bu boşluğu isə Rusiyanın “Vaqner” qruplaşması doldurub. Xüsusilə Burkino-Fasoda güclənən “Cemaat Nusret əl-İslam vəl-Müslimin” adlı terror təşkilatı ABŞ-a qarşı böyük hücumlar planlayır. Təşkilatın insan alveri şəbəkəsi də olduğu bildirilir. Hazırda 6 min silahlı üzvü var. Saheldə fəaliyyət göstərən Rusiyaya bağlı hərbi şirkətlər artıq yerli əhali ilə toqquşur və mülki şəxsləri də hədəfə alır. Bölgədəki bütün radikal qrupların ortaq məqsədi Sahelin sahilyanı ərazilərini nəzarətə götürmək və buradan beynəlxalq terror maliyyələşdirmə şəbəkəsi qurmaqdır.
Artıq Sahel bölgəsi təkcə yerli yox, eyni zamanda qlobal təhlükəsizlik üçün də ciddi geosiyasi təhdid zonası sayılır. ABŞ üçün bu bölgədə təcili tədbirlər görmək və müttəfiqlərlə əməkdaşlıq qurmaq həyati əhəmiyyət daşıyır”. /axar.az/