İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ tərəfindən müxtəlif hücumlara məruz qaldığını bildirib və Vaşinqtonu siyasətini dəyişməyə çağırıb.
Turkustan.az xəbər verir ki, o qeyd edib: “Fərqli düşünməyin vaxtıdır. Hörmət göstərməyə çalışın”.
Əraqçi X sosial media platformasında The Wall Street Journal üçün yazdığı köşə yazısından bir hissəni paylaşıb və ABŞ-ın İrana qarşı yanaşmasının nəticə vermədiyini vurğulayıb.
İranlı nazir mümkün müharibənin uzunmüddətli və dağıdıcı olacağı barədə xəbərdarlıq edərək bildirib ki, belə bir münaqişə İsrailin irəli sürdüyü “xəyali zaman xəttindən” daha uzun çəkəcək.
ABŞ-ın kiberhücumlar və hərbi müdaxilələr də daxil olmaqla müxtəlif vasitələrlə İrana təzyiq göstərdiyini iddia edən Əraqçi, Prezident Trampa mesajlarının aydın olduğunu bildirib: ABŞ bütün düşmənçilik addımlarına baxmayaraq məqsədinə çata bilməyib.
O, həmçinin qeyd edib ki, İran xalqı etirazlar zamanı həyatını itirənlərin yasını saxladığı bir vaxtda diplomatiyanın uğursuzluğu kimi yeni bir təhlükə ilə üz-üzədir.
Aytən Yaşar/ Turkustan.az