Süni intellektlə milyonçu ola bilərsiniz – AÇIQLAMA


Süni intellektin sürətli inkişafı gələcəkdə yeni sərvətlərin yaranmasına böyük təsir göstərə bilər. Belə ki, OpenAI şirkətinin baş direktoru və ChatGPT-nin yaradıcılarından biri Sam Altmanın sözlərinə görə, süni intellekt cəmi 5 il ərzində internetin 20 ildə yaratdığından daha çox milyonçu yaradacaq.

Bu iddia nə dərəcədə realdır?

Globalinfo.az-a danışan Xəzər Universitetinin IT departament rəhbəri, “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin eksperti Fərid Musayev deyib ki, bu, kifayət qədər iddialı olsa da, süni intellektin iqtisadiyyatda yaratdığı dəyişikliklər baxımından müəyyən əsaslara söykənir:

“Süni intellekt bir sıra texniki bacarıqlara olan ehtiyacı azaldaraq insanların yeni bizneslər qurmasını asanlaşdırır. Əvvəllər proqram təminatı, veb-sayt, müxtəlif rəqəmsal məhsullar yaratmaq üçün proqramlaşdırma və dizayn kimi xüsusi biliklər tələb olunurdu. Hazırda isə süni intellektdən istifadə etməklə bu işlərin bir hissəsini daha az texniki biliklə həyata keçirmək mümkündür. Bu da yeni sahibkarlar üçün bazara daxil olma imkanlarını genişləndirir. Süni intellektin digər mühüm üstünlüyü kiçik komandalarla daha böyük işlərin görülməsinə imkan yaratmasıdır. Bir nəfər süni intellekt alətlərindən istifadə etməklə marketinq, müştəri xidməti, proqramlaşdırma və digər istiqamətlər üzrə bir sıra prosesləri idarə edir. Nəticədə bizneslərin xərcləri azala, məhsuldarlığı isə arta bilər”.

ferd

Fərid Musayev

Ekspert bildirib ki, bu proses müəyyən risklər də yaradır:

“Bazara daxil olmaq asanlaşdıqca rəqabət artır, eyni məhsul və xidmətləri təqdim edən şirkətlərin sayı çoxalır. Bu səbəbdən yalnız süni intellektdən istifadə uğur üçün kifayət etməyəcək. Sahibkarın fərqli ideyası, düzgün strategiyası və bazarın tələbatını düzgün qiymətləndirməsi əsas amillərdən olacaq. Digər tərəfdən, süni intellektdən əldə olunan iqtisadi gəlirlərin böyük texnologiya şirkətlərində daha çox cəmləşməsi ehtimalı da var. Buna görə də süni intellektin yeni milyonçular yaratmaqla yanaşı, artıq böyük resurslara malik şirkətlərin mövqeyini daha da gücləndirməsi mümkündür.

Süni intellektin gələcəkdə milyonlarla yeni biznes imkanı yaratması real görünür. Lakin bu imkanlardan istifadə etmək üçün yalnız texnologiyanı bilmək kifayət etməyəcək. Uğur qazanmaq üçün süni intellektin imkanlarını insanın strateji düşüncəsi, yaradıcılığı və düzgün biznes yanaşması ilə birləşdirmək lazım gələcək”.


MANŞET XƏBƏRLƏRİ