Xaçmaz və Qubada ənənəvi ailə dəyərləri mövzusunda tədbir keçirilib


Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi Ailə Dəyərlərinin Gənclər arasında Təşviqi” adlı layihə çərçivəsində Xaçmaz və Quba şəhərlərində tədbir keçirilib.

Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Səadət Quliyeva layihənin aktuallığından, ailə dəyərlərinin təbliği istiqamətində görülən işlərdən və ictimai maarifləndirmənin əhəmiyyətindən bəhs edib.

Layihənin eksperti İlahiyyat İnstitutunun islamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov geniş məruzə ilə çıxış edərək milli-mənəvi normalara söykənən ənənəvi ailə dəyərlərinin doğru və dərindən əxz olunmasının Azərbaycan dövlətinin nüvəsi hesab olunan ailələrimizin qorunmasında mühüm əhəmiyyətə malik olduğunu deyib. Əhməd Niyazov gənclərin ailəyə münasibətinin milli köklərə söykənməsinin təşviq olunması, adıçəkilən dəyərlərin ictimai şüurda möhkəmlənməsinə töhfə verəcək kompleks fəaliyyətlərin həyata keçirilməsinin mexanizmləri barədə də fikirlərini bölüşüb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında təşkil olunmuş toplantıda çıxış edən layihənin eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev Azərbaycan ailələrinin ənənəvi dəyərləri, milli ailə modelinin əhəmiyyəti, milli-mənəvi dəyərlərdən kənarlaşmağın ictimai, sosioloji və kulturoloji fəsadları, ənənəvi ailə dəyərlərinin qlobal liberal təbliğat qarşısında aşınmasına imkan verilməməsinin vacibliyi barədə geniş məruzə ilə çıxış edib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının müəllim və tələbələri ailə institutu ilə bağlı mövcud mənfi sosioloji göstəricilərin yaxşılaşdırılması üçün zəruri olan amillər barədə fikirlərini bölüşüblər.

Xaçmaz və Quba şəhərlərindəki tədbirlərdə çıxış edən Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT Agentliyinin ictimai təşəbbüslərin reallaşmasına verdiyi dəstəkdən, cəmiyyəti narahat edən ictimai problemlərin həlli üçün həyata keçirilən layihələr barədə məlumat verib. Təşkilat sədri milli, mühafizəkar düşüncənin ailələrin qorunmasında rolu, qeyri-ənənəvi sosial modellərin yaratdığı təhlükələr və gənclərin üzərinə düşən məsuliyyət haqqında fikirlərini bildirib.

Qeyd edək ki, layihə çərçivəsində iki maarifləndirici televiziya verilişi hazırlanaraq efirdə yayımlanıb.


MANŞET XƏBƏRLƏRİ