Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?


Yay mövsümü başlayandan istirahət mərkəzləri, hotellər və turizm zonaları daha çox ziyarətçi qəbul edir. Xüsusilə həftəsonları ailələrin əksəriyyəti şəhərin səs-küyündən uzaqlaşaraq bir günlük və ya qısa müddətli istirahətə üstünlük verir. Lakin istirahət planı qurmazdan əvvəl hər kəsi düşündürən əsas sual eynidir:

Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?

Araşdırmamız nəticəsində məlum olub ki, qiymətlər seçilən məkan, nəqliyyat vasitəsi, hotelin səviyyəsi, qidalanma və əlavə əyləncə xidmətlərindən asılı olaraq dəyişsə də, orta hesabla dörd nəfərlik ailə üçün xərclər heç də az deyil.

İstirahətin, səyahətin ilk xərci yol xərcidir. Əgər ailə şəxsi avtomobillə Qəbələ, Şamaxı, Quba, Şəki və ya digər turizm bölgələrindən birinə yollanırsa, yanacaq və yol xərcləri təxminən 30-70 manat arasında dəyişə bilər. Avtomobilin yanacaq sərfiyyatı və gedilən məsafə bu məbləğə birbaşa təsir edir. Şəxsi avtomobili olmayanlar isə taksi və ya avtobus xidmətlərindən istifadə etdikdə nəqliyyat xərci dəyişə bilər.

İstirahətin əsas xərci isə yerləşmə ilə bağlıdır.

Azərbaycanın bölgələrində fəaliyyət göstərən hotellərdə bir gecəlik qiymətlər 100-400 manat arasında dəyişir. Həftəsonu və bayram günlərində qiymətlər daha yüksək olur. Həmçinin, hotellərdən əlavə, xüsusi evlər də mövcuddur. Onların qiyməti isə daha yüksəkdir.

İstirahət zamanı qidalanmaq məsələsinə gəldikdə isə mövsümdən asılı olaraq bölgə restoranlarında, xüsusiolə, spesifik təamlar daha baha təklif olunur. Bəzi hallarda qidalanmanı hotel daxilində etmək mümkündür ki, bu da hotelin qiymətini artırır. Dörd nəfərlik ailənin restoran və ya istirahət mərkəzində səhər yeməyi, nahar və axşam yeməyi üçün orta hesabla 150-350 manat xərcləməsi mümkündür.

Bir günlük bölgə istirahətində muzey, abidə ziyarəti və əyləncə məkanlarını da hesablasaq xərc 350-900 manat arasında dəyişəcək./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ