“Güclü, maqnitudası 6 və ondan yüksək olan, hissedilən, binalarda çatlar yaradan zəlzələnin baş vermə ehtimalı yoxdur”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
"Xəzərdə maqnitudası 4-ə qədər olan zəlzələlər çox vaxt hiss edilmir. Çünki Xəzərdəki zəlzələ ocaqları, digər bölgələrdən fərqli olaraq, çox dərində yerləşir. Yəni 30 km-dən tutmuş 65-70 km dərinlikdə olur. Xəzərdə baş verən zəlzələnin hiss edilməsi üçün həmin yeraltı təkanın maqnitudası azı 5-dən yuxarı olmalıdır. Xırda təkanlar çoxdur. Respublika üzrə hər gün belə yeraltı təkanlar olur", - o bildirib.
Qurban Yetirmişlinin sözlərinə görə, əgər güclü silkələnmə baş versə, sürüşməyə təsir göstərəcək, sürüşmə aktiv olan Badamdar, Bayıl, Zığ və bəzi bölgələrdə proses intensivləşəcək: “Düzdür, sürüşməyə daha çox güclü yağıntılar təsir göstərir. Amma hissedilən, çatlar yarada biləcək zəlzələ də sürüşməni aktivləşdirə bilər. Hələ ki sürüşməyə təsir göstərəcək yeraltı təkan ehtimalı yoxdur”.
Qeyd edək ki, martın 16-sı Xəzər dənizində yerli vaxtla 05:57-də 74 km dərinlikdə, 3.1 maqnitudalı, 13:18-də 3.3 maqnitudalı zəlzələlər, bu gün isə yerli vaxtla 10:10-da 56 km dərinlikdə 3.6 maqnitudalı yeraltı təkan baş verib. /APA/