Erməni alimləri kimi düşünür: Zərdüşt Əlizadənin iddiaları narazılıq doğurdu


Tanınmış alim və siyasətçi Zərdüşt Əlizadənin illər öncə verdiyi müsahibə yenidən sosial şəbəkələrdə gündəm olub.

Müsahibədə Zərdüşt Əlizadə antropoloq tarixçilərdən birinə etnik kimliklə bağlı araşdırma aparmağı xahiş etdiyini və həmin araşdırmanın qəzetdə çap etdirildiyini söyləyib. Araşdırmaya əsasən, azərbaycanlıların 80%-nin türklərlə heç bir əlaqəsinin olmadığı və yerli Qafqaz xalqı olduğunu iddia edilib. Zərdüşt Əlizadə azərbaycanlıların üz quruluşunun da türklərə xas olmadığını əlavə edib.

Modern.az yenidən gündəm olan məsələ ilə bağlı Milli Məclisin sabiq deputatı, Xalq şairi Sabir Rüstəmxanlıdan münasibət alıb. Xalq şairi Zərdüşt Əlizadənin sözlərinə kəskin reaksiya verərək, onun öz genetik kimliyi ilə maraqlanmalı olduğunu deyib.

“Zərdüşt Əlizadə Qafqaz xalqları deyəndə kimləri nəzərdə tutur? Çünki Azərbaycan türklənin böyük əksəriyyəti yerli Qafqaz xalqıdır. Ən qədim dövrlərdən, Albaniya dövlətinin ərazisində yaşayan və antik mənbələrdə adı keçən 26 etnos və ya tayfanın çoxu türklər idi. Bu barədə ciddi dəlil-sübutla yazılmış kitablar var. Zərdüşt Əlizadə bundan xəbərsiz olmaz. Məncə o, atası, hörmətli alimimiz Mübariz Əlizadənin dilimizə çevirdiyi “Şahnamə”ni də vərəqləmiş olar. O əsərin müəllifi Firdövsi fars millətçisi olsa da 2600 il öncə bu bölgədə türklərlə farsların yanaşı və ara verməyən savaş içində yaşadıqlarını yazıb. Bədii əsər olsa da, buradakı türk mövcudluğunu inkar etməyib. Bunu min il öncə yaşamış Firdovsi bacarmayıbsa, ondan min il sonra yaşayan Zərdüşt Əlizadə necə bacaracaq? Zərdüşt Əlizadə məncə ağılsız adam deyil. O zaman 20% gəlmə türkün 80% türk olmayan əhalini türkləşdirməsini hansı ağılla deyir? Ölkəmizdə bu genetik araşdırmasını nə vaxt aparıb? Erməni alimləri də onun kimi düşünür və yazırlar. İndi biz Zərdüştü onlardan necə ayıraq? Genetik test aparılsa, Zərdüşt bəyi yerli-dibli itirəcəyimizdən ehtiyat edirəm. Haqqımızda böhtan yazan az idi biri də aramızda dolaşır…Məncə Zərdüşt Əlizadə özünün kimliyi ilə maraqlanmalıdır. Xalqla işi olmasın.”

Sabiq təhsil naziri Firudin Cəlilov da Ərəblər gələnə qədər xeyli türk dövlətləri, islamdan sonra isə min il bu ərazilərdə türk imperiyaları mövcud olub:

" Zərdüşt bəy, savadlı, intellektual bir adamdır. Amma o, antropoloq deyil, etnogeneslə məşğul olmayıb. O daha çox politoloqdur və politologiyaya aid çox maraqlı onun fikirləri, yazıları var. Amma etnogeneslə bağlı dediklərində tam yanlışdı. Çünki türklərin Altaydan gəlməsi baxışı ilə Avropa alimləri bizə nə sırıyıblarsa, bugün də o davam edir. Amma beş min il qabaq Urmiya gölü hövzəsində üç-dörd böyük türk dövləti quruldu. Qurt və Turuq dövlətlərini nümunə göstərmək olar. Ondan sonra xeyli türk bəylikləri mövcud olub. Mannaya, Saqa dövlətləri qurulub. Ondan 2 əsr sonra Alban dövləti qurulub. İslamdan sonra da 1000 ildir, bu ərazilərdə türk imperiyaları olub. Ancaq son 100 ildə bu imperiya farsların əlinə keçib. Bu konteksdə götürəndə əlbəttə Zərdüşt bəyin dedikləri yanlışdır".

F.Cəlilov vurğulayıb ki, Türk antropoloji tipi Aralıq dənizi tipidir:

"Bunu antropoloqlar yazıblar, mən yox. Və türklər Aralıq dənizi tipinin kaspi növüdür. Yəni türkmənlərin, Azərbaycan türklərinin kəllə quruluşuna baxdıqda həmən kaspi tipidir. Azərbaycanda yeddi min ildir həmin tip dəyişmir".


MANŞET XƏBƏRLƏRİ