Abbas Abbasov bu ölkəni təcili tərk etdi


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan edilən Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb.

Turkustan.az “Günün səsi”nə istinadən xəbər verir ki, o, bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gəlib və İstanbulda qalırmış.

A.Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub.

Mənbə bildirib ki, Baş nazirin sabiq birinci müavini cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk etməli olub.

A.Abbasovun oğlu, sabiq deputat Aydın Abbasov atası ilə bağlı məsələni şərh etməkdən imtina edib. O, telefon zənglərinə və mesajlara cavab verməyib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyaya köçüb.


MANŞET XƏBƏRLƏRİ