Samirə Əfəndinin erməni müğənnini qucaqlamasına xalqın REAKSİYASI


Qazaxıstanın paytaxtı Astana şəhərində beynəlxalq musiqi müsabiqəsi keçirilib. Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana 12 bal verib. Daha sonra o, Saro Gevorkyanı qucaqlayaraq bağrına basıb. Hadisə qısa müddətdə sosial şəbəkələrdə trend olub və Samirə Əfəndi ciddi tənqidlərə məruz qalıb.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə müğənninin ünvanına söyüş ifadələri işlərib.

Sosial şəbəkə istifadəçiləri 20 mindən çox şəhid anasının çəkdiyi ağrı-acıların hələ də dərindən hiss olunduğunu və cəmiyyətin yaralarının tam sağalmadığını əsas gətirərək, erməni sənətçi ilə belə isti münasibətə qarşı çıxış ediblər.

İctimai fikir iki yerə ayrılıb. Bir tərəf uzun illər davam edən münaqişənin izlərinin hələ silinmədiyini, buna görə də, iki xalq arasında münasibətlərin normallaşması üçün kifayət qədər vaxt keçməli olduğunu düşünür və “Ayıdan kürk, kafirdən dost olmaz” fikrini müdafiə edir. Qeyd edirlər ki, erməni xalqına etibar etmək mümkün deyil və bu cür jestlər Azərbaycan cəmiyyətində qəbul edilmir.

Bundan fərqli mövqelər də diqqət çəkir. Bəzi vətəndaşlar münasibətlərdə yumşalmanın tərəfdarı olaraq “qan qanla yuyulmaz, qan yalnız barışla boğular” prinsipini müdafiə edir. Onlar bildirirlər ki, regionda uzunmüddətli sülhün bərpası üçün qarşılıqlı etimadın formalaşdırılması vacibdir və incəsənət bu kimi proseslərdə mühüm rol oynaya bilər. Lakin bu mövqe ictimaiyyət daxilində azlıqda olan fikir kimi qalıb.

Bir çox sosial şəbəkə istifadəçisi Samirə Əfəndidən izahat tələb edib, sənətçinin davranışını “məsuliyyətsiz addım” adlandırıb. Bəzi şərhlərdə müğənninin bu qərarının onun sənət fəaliyyətinə və ictimai nüfuzuna mənfi təsir göstərə biləcəyi də qeyd olunub.

Hazırda məsələ ilə bağlı sənətçinin özündən rəsmi açıqlama verilməsə də, ictimai müzakirələr davam edir. Müşahidəçilər bildirirlər ki, bu kimi hadisələr Azərbaycan cəmiyyətində hiss olunan milli həssaslıq və tarixi ağrıların hələ də güclü olduğunu bir daha ortaya qoyur.

Onu da qeyd etmək olar ki, müğənninin erməni sənətçiyə 12 xal verməsindən çox, onunla qucaqlaşması tənqid olunur. Bu da səbəbsiz deyil. İllərin yarasının birdən-birə sağalmasını, insanların ürəyində qartmaq bağlayan nifrətin anidən yoxa çıxmasını gözləmək sadəlövhlük olardı. 18-20 yaşlarında oğullarını itirən anaların, ataların, atasının nəfəsini doyunca duya bilməyən övladların, həyatda daim yarım qalan adamların heç nə olmayıbmış kimi davranılmasını qəbul etməməsindən daha təbii bir hadisə ola bilməz. Hər şeyə zaman lazımdır. Amma heç də hər şey zamanla bitmir, ta ki ölənə qədər. Atasını, oğlunu heç olmasa 1 dəqiqə görmək üçün hər şeyini verməyə hazır olan insanların dərdini elə ancaq özləri tam başa düşə bilər. Lakin o övladlar, o atalar hamımızındır. Və biz də heç vaxt onların nakam, nahaq öldürülməsini bir gecədə unuda bilmərik. Mən azərbaycanlıyam deyən heç kəs buna biganə qala bilməz. /modern.az/


MANŞET XƏBƏRLƏRİ