Restoranlarda servis haqqı qadağan olunacaqmı? - AÇIQLAMA


Türkiyədə restoranlarda servis haqqı tələb etmək rəsmi olaraq qadağan edilib.

Yeni dəyişikliyə əsasən restoranlar, kafelər, şirniyyat dükanları və qida və içki xidmətləri təklif edən oxşar müəssisələr artıq istehlakçılardan servis, masa, örtük haqqı və s. kimi hər hansı bir ad altında əlavə ödəniş tələb edə bilməyəcəklər.

Azərbaycanda da oxşar qadağa tətbiq edilməlidirmi?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, iaşə obyektləri, o cümlədən kafe və restoranlar xidmət göstərən müəssisələrdir və istənilən halda xidmət haqqı qiymət strukturunda öz əksini tapır:

Bakupost.az

“Türkiyə təcrübəsində xidmət haqqının ləğv edilməsi ilə bağlı qərarın ümumi qiymət səviyyəsinə ciddi təsiri olmayacaq. Restoranlar göstərdikləri xidmətə görə qiyməti müəyyən edərkən servis haqqını məhsulların qiymət strukturuna daxil edəcəklər. Qısa və orta müddətli dövrdə bunun qiymətlərə real təsiri gözlənilmir”.

İqtisadçının fikrincə, Azərbaycanda da bənzər bir təcrübənin tətbiqinin hər hansı əhəmiyyət daşımır və bu istiqamətdə qərar qəbul olunsa belə, nəticə eyni olacaq:

“Əksinə, servis haqqının restoran qiymətlərində ayrıca göstərilməsi müştərinin məlumatlılığını artırmaqla yanaşı həm şəffaflığa töhfə verir, həm də seçim imkanı yaradır. Müştəri bilir ki, hansı restoran hansı faizlə servis haqqı tələb edir və buna uyğun seçim edir”.

R.Həsənov hesab edir ki, Türkiyədə bu qərarın verilməsi son illərdə müşahidə olunan nəzarətsiz inflyasiya fonunda atılan məcburi qərardır:

“Bu, əslində biznesə müdaxilədir və liberal biznes mühitinin aradan qalxmasına, qiymətlərin rəqabət şəraitində formalaşmasının qarşısının alınmasına yönəlir. Halbuki bu cür qərarların uğurlu olma ehtimalı çox aşağıdır.

Əgər Türkiyə hökuməti hazırkı şəraitdə inflyasiyanın qarşısını almaq istəyirsə, qiymətlərin yuxarı həddini müəyyən etməli və ya sabit qiymətlər tətbiq etməlidir ki, bu da artıq bazar iqtisadiyyatı modelindən imtina deməkdir. Bu cür yanaşma orta-uzunmüddətli dövrdə Türkiyə iqtisadiyyatın tamamilə çökməsinə qədər gətirib çıxara bilər”.

İqtisadçı qeyd edib ki, bu tip yanaşmalar müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da da sınaqdan keçirilib və nəticələr müsbət olmayıb:

“Qiymətlərə məhdudiyyətlərin tətbiqi əslində investisiya axınını azaldır, sahibkarlıq təşəbbüslərini zəiflədir, nəticədə isə mal və xidmət çatışmazlığı yaradır. Bu isə daha ciddi iqtisadi problemlərə səbəb olur.

Bu baxımdan düşünürəm ki, Türkiyənin bu istiqamətdəki təcrübəsi müsbət nəticə vəd etmir və onun Azərbaycan üçün model kimi götürülməsinin də heç bir mənası yoxdur”.


MANŞET XƏBƏRLƏRİ