Bakıda mənzil almaq hər ötən il daha da çətinləşir. Artan qiymətlər, tikinti sektorunda məhdudiyyətlər və bazarda rəqabətin zəifləməsi nəticəsində minlərlə ailə kirayədə yaşamağa məcbur qalır. Rəsmi və qeyri-rəsmi mənbələrə görə, son beş ildə paytaxtda mənzil qiymətləri kəskin bahalaşıb və bu tendensiyanın nə qədər davam edəcəyi məlum deyil. 2020-2025-ci illər ərzində mənzil qiymətlərinin 45-47 faiz artdığı bildirilsə də, müxtəlif araşdırmalar daha yüksək göstəriciləri ortaya qoyur.
Bəs qiymət artımı nə vaxt dayanacaq və evsiz vətəndaşların mənzil əldə edə bilməsi üçün hansı addımlar atılmalıdır?
Globalinfo.az-a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, qiymət artımı ilə bağlı rəqəmlər müxtəlif mənbələrdə fərqli göstərilir və bu, istifadə olunan metodologiyadan asılıdır:
“45-47 faiz göstərici bildiyim qədər, Qiymətləndiricilər Cəmiyyətinin məsul şəxsi tərəfindən yayılan məlumatdır. Ümumiyyətlə, hər kəs fərqli mənbələrdən istifadə edir. Bizim apardığımız qiymətləndirmələrə görə, 2000-ci ildən 2025-ci ilin sonuna qədər ilkin bazarda qiymət artımı 70 faizi keçib. Bakı şəhəri üzrə ilkin bazarda və Abşeron ərazisində qiymət artımı daha yüksək olub. Regionlarda isə coğrafi yerləşmədən asılı olaraq qiymətlər 25-30 faiz civarında artıb. Ümumilikdə göstəricilər mənbələrdən asılı olaraq dəyişir”.
Ekspertin sözlərinə görə, İpoteka Fondunun məlumatlarında artım hətta 75 faizdən yüksək göstərilir:
“Şəxsi araşdırmalarıma görə, 2020-ci ilin sonu ilə müqayisədə ilkin bazarda Bakı üzrə qiymətlər təxminən 70 faizə qədər artıb. Köhnə yaşayış fondunda bu rəqəm 65 faiz civarındadır. Bakı və Abşeron üzrə ümumi artım 55-60 faiz arasında dəyişir. Regionlarda isə məlumat çatışmazlığı var, amma artım orta hesabla 30 faizdən 50-55 faizə qədər dəyişir. Yəni rəqəmlər bölgədən-bölgəyə fərqlənir”.
E.Azadov ən yüksək qiymət artımının qeydə alındığı əraziləri də açıqlayıb:
Elnur Azadov
“Ən yüksək qiymət artımı “Sea Breeze” ərazisində müşahidə olunub. Son iki ildə burada qiymətlər 100-150 faizədək yüksəlib. Torpaq qiymətləri xüsusilə kəskin bahalaşıb, satılan əmlakların dəyəri isə təxminən 100 faizə yaxın artıb. Bakı Ağ Şəhər layihəsində də son üç il ərzində qiymətlər 75-80 faizdən 100 faizə qədər yüksəlib”.
Ekspert qiymət artımının əsas səbəblərindən biri kimi tikinti sektorunda inzibati məhdudiyyətləri göstərib:
“2018-ci ildən tikinti və şəhərsalma səlahiyyətləri Arxitektura Komitəsinə verildikdən sonra tikinti şirkətlərinə verilən icazələr ciddi şəkildə azaldı. Bu da tikinti şirkətlərini qiymətləri qaldırmağa sövq etdi. 2020-ci ildən sonra işğaldan azad olunmuş ərazilərdə kütləvi inşaat işləri başlayanda armatur və digər tikinti materiallarının qiyməti kəskin bahalaşdı, bu da maya dəyərinə təsir etdi və şirkətlər qiymətləri artırmağa başladılar”.
Elnur Azadov əlavə edib ki, bazarda rəqabətin azalması da qiymətlərin yüksəlməsində mühüm rol oynayıb:
“Rəqabətin azalması nəticəsində tikinti şirkətləri satışa çıxardıqları mənzilləri bazar qiymətindən 15-20 faiz baha satmağa başladılar. Bu, daşınmaz əmlak bazarına mənfi təsir göstərdi və ciddi qiymət artımına səbəb oldu. Əgər tikinti şirkətlərinə kütləvi icazələr verilməzsə və bazara yeni layihələr çıxarılmazsa, yaxın bir-iki il ərzində qiymət artımının dayandırılması real görünmür. Sağlam rəqabət formalaşsa, yalnız o zaman qiymətlərin stabilləşməsi mümkündür”.
