Ölkədə ətin qiyməti xeyli bahadır.
Hazırda bazarda mal ətinin kiloqramının qiyməti 15-16 manat, qoyun ətinin qiyməti isə 19-20 manat arasında dəyişir.
Bunu isə qəssablar əsasən onunla əlaqələndirirlər ki, bölgələrdə satılan diri heyvanın qiyməti bahadır. Son günlər paytaxtdakı bir sıra marketlərdə Monqolustandan gətirilmiş ət satışa çıxarılıb. Həmin ətin qiyməti isə 11-12 manat təşkil edir.
Yerli ətdən fərqli olaraq daha ucuz olan bu əti alan vətəndaşlar da var. Monqolustandan idxal edilən ətin qiymətinin yerli bazardakı ətdən ucuz olması onun keyfiyyətinin aşağı olmasındanmı irəli gəlir?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Monqolustandan Azərbaycana gətirilən bəzi ətlər dondurulmuş, bir qismi isə diri formada gətirilir:
“Diri formada gətirilən ətin keyfiyyəti Azərbaycanda yetişdirilən mal ətindən kifayət qədər keyfiyyətlidir. Çünki Monqolustanın otlaq üçün böyük əraziləri var. Heyvanları otlaqlarda bəsləyirlər. Bizdə olduğu kimi heyvanları qapalı şəraitdə saxlayıb, yem, su vermirlər.
Bu baxımdan da Monqolustanda ətin qiyməti 1-2 dollar ətrafındadır. Yəni orada ətin qiymətinin ucuz olması yalnız ətin maya dəyərinin aşağı olması ilə bağlıdır. Monqolustandan Azərbaycana gələn ətin idxal, gömrük qiyməti 3-5 manatdan yuxarı deyil.
Yəni onun qiyməti 5 manata başa gələr. Ancaq onu gətirib Azərbaycanda ikiqat baha qiymətə satırlar. Keyfiyyətlə bağlı bir məsələ ondan ibarətdir ki, dondurulmuş ətin tərkibində 8 ferment var və o, yalnız qırmızı ətdədir. Həmin 8 fermentdən 2-si dondurulma zamanı ölür.
Dondurulmuş ətin təzə ətdən fərqi ondan ibarətdir. Yəni Monqolustandan gətirilən ətin keyfiyyəti Azərbaycandakı ətin keyfiyyətidən heç də geri qalmır". O deyib ki, Monqolustanda heyvanların yeminə pul vermirlər:
"Buna görə də oradan gətirilən ət ucuz olmalıdır. Azərbaycanda ətin qiymətini bahalaşdıran əsas faktor otlaq sahələrinin olmamasıdır. Monqolustandan gətirilən ətin heç bir təhlükəsi yoxdur, onu alıb rahatlıqla istifadə edə bilərlər”.
Monqolustandan gətirilən ətin qiymətinin yerli ətin qiymətinin ucuzlaşmasına təsiri ilə bağlı ekspert deyir ki, əgər oradan çox miqdarda ət gətirilsə, bazarda ətin qiymətinə təsir göstərəcək:
“Bu da idxalın həcmindən asılıdır. Məsələn, 5 kilo ət almağa imkanı olmayıb 1 kilo ət alan vətəndaş gəlib monqol əti alacaq və bazarda yerli məhsula tələbat azalacaq. Ona görə də ət istehsalçıları məcbur olub qiymətləri aşağı salacaqlar”.