"Mir Mövsüm Ağa" ziyarətgahında qurban narazılığı: Deyilənlər doğrudur? - AÇIQLAMA


İnsanlar "Mir Mövsüm Ağa" ziyarətgahını ziyarət edib, niyyət tutub, qurbanlar kəsirlər.

Ziyarətgahda niyyət edib qurban kəsmək istəyənlərə imkan verilməyib.

Ziyarətgaha gedən insanlar sosial şəbəkədə paylaşdıqları videoda bildiriblər ki, ziyarətgaha gedərkən qurbanlıq heyvan aparsalar da, ziyarətgah əməkdaşı qurbanlıqların çəkisinin az olduğunu bildirərək, gətirilən heyvanların kəsilməsinə imkan verməyib.

O da qeyd olunub ki, ziyarətgahda yalnız burada saxlanılan heyvanların qurban kəsməsinə icazə verilir. Ziyarətgah daxilində isə heyvanların qiymətinin baha olduğu vurğulanıb.

Turkustan.az xəbər verir ki, cebhe.info məsələyə münasibət öyrənmək üçün ziyarəthagla əlaqə saxlayıb.

Ziyarətgahdan bildiriblər ki, qurban kəsiləcək qoyunun yaşı 6 aydan aşağı olmamalıdır:

"6 aydan yuxarı Afrikadan belə qoyun gətirsən hamısı kəsilir. Bura ziyarətgahdıR, biz dinin dediyi ilə gedirik, camaatın "mənim imkanım buna çatır" fikri düzgün deyil. Din icazə vermir ki, 6 aylıq quzunu kəsəsən. Həm ziyarətgahda, həm də yol qırağında qurbanlıq heyvanlar var. Hər kəs öz evindən, rayondan da qoyunlar gətirir. Təkcə qoyun deyil, dana yaş yarımlıq olmalıdır, dəvə 4 yaşından yuxarı olmalıdır".

Adının açıqlanmasını istəməyən ziyarətgah işçisi kəsilən heyvanların yaşını müəyyən etdiklərini deyib:

"Buradakı qəssablar 30 ildir qoyun kəsirlər. Onlar qoyunu görəndə bilirlər ki, qoyunun neçə yaşı var, dişidir, yoxsa erkək".

Ziyarət işçisinin qurbangah adlandırdığı məkandan Bəxtiyar adlı şəxs isə qurbanlıq heyvanların 6 yox, 7 aydan yuxarı olmasının vacibliyini deyib:

"Bura gətirilən heyvanlar əgər 7 aydan kiçikdilərsə, kəsmək olmaz. Şəriət buna icazə vermir. Əvvəl 6 idi, hazırkı fətvaya görə, 7 aydan aşağı olmamalıdır. Bizdə burada qapıda yazıb vurublar ki, 7 aydan kiçik heyvanları qurban kəsmək olmaz. Əgər bu şəxs qurban kəsdirirsə, savab qazanmaq istəyir. Amma 7 aydan kiçik heyvanı kəsirsə, demək ki, günah qazanır. Ola bilər ki, çəkisi az, yaşı çox olsun. Amma burdakılar heyvanı tanıyırlar, yaşını bilirlər".

Ziyarətgahda yalnız orada satılan heyvanların kəsilməsinə icazə verilməsi məsələsinə gəldikdə isə o, bunun iftira olduğunu vurğulayıb:

"Yalandır, burada satılan heyvanlar camaatın rahatlığı üçündür. Burdakılar yolda satılanlardan da ucuzdur. Bir kiloqramı 7 manata vurub qiyməti yazıb boğazından asırlar, biz də satırıq. Xidmətlər də, kəsmək, doğramaq, pay eləmək pulsuzdur".

Qurbangah işçisi qurbanlıq heyvanın ətini aparacaqları təqdirdə xidmətlərin ödənişli olduğunu bildirib:

"Əgər özünlə aparacaqsansa, kəsim ödənişlidir, 5 manat ödəniş etməlisən. Əgər yarısını və bütöv burada qoyursansa, pulsuzdur. Qiymətlər heyvanın çəkisindən asılıdır. Deyirlər ki, mənim imkanım buna çatdığı üçün bunu kəsirəm. Şəriət deyir ki, sən qurban kəsməməlisən, çörək pulunu verib qurban kəsdirməməlisən, nə vaxt imkanın olar, onda kəsdirərsən".


MANŞET XƏBƏRLƏRİ