"2026-cı ildə Rusiya kəskin seçim qarşısında qalacaq" - Zalujnı


Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin sabiq baş komandanı Valeriy Zalujnı hesab edir ki, Rusiya rəhbərliyi 2026-cı ildə ümumi səfərbərlik qərarı verməli olacaq.

Bu barədə Ukraynanın "LB Live" nəşrinə müsahibə verən Zalujnı qeyd edib ki, bu qərar Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə ciddi ictimai-siyasi narazılıq yaradacaq və ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq.

O bildirib ki, həm Ukrayna, həm də Rusiya tərəfində itkilər kritik həddə çatıb, Kreml isə demoqrafik böhranla qarşı-qarşıyadır.

“Rusiya 2026-cı ildə seçim qarşısında qalacaq - yenidən hərbçi toplayacaq. Amma bu dəfə Moskvadan, Peterburqdan və digər şəhərlərdən, ya da başqa bir yol tapmalı olacaq”, – deyə Zalujnı bildirib.

Ukraynalı diplomatın fikrincə, iri şəhərlərdə kütləvi səfərbərlik Rusiya rəhbərliyi üçün siyasi baxımdan qəbuledilməzdir və bu, Moskva iqtisadiyyatına ciddi ziyan vura bilər. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ