Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan “Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili” adlı layihənin ikinci təlimi 22 iyul 2025-ci il tarixində Laçın rayonunda təşkil olunub.
QHT.az xəbər verir ki, layihə çərçivəsində keçirilən təlimdə qadınların sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşə yönümlü istiqamətlərdə ilkin biliklərin aşılanması və praktiki bacarıqların formalaşdırılması məqsədi ilə müxtəlif mövzuları əhatə edən maarifləndirici sessiyalar həyata keçirilib. Tədbirin açılışında çıxış edən “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyinin sədri İradə Nəsirova təlim haqqında geniş məlumat verib. O, iştirakçıların bilik və bacarıqlarının artırılmasının regionda qadın sahibkarlığının inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
Təlimçi Orxan Xıdırov iştirakçılara marketinq və brendinqin əsasları barədə məlumat verib. O, brendin əhəmiyyətindən danışaraq, müştəri sadiqliyinin yaradılmasının vacibliyini qeyd edib. Müştəri sadiqliyi – şirkətin və ya brendin müştərilərlə uzunmüddətli və etibarlı əlaqə qurmasıdır ki, bu da təkrar alış-verişi və müsbət tövsiyələri stimullaşdırır. Orxan Xıdırov bildirib ki, sadiq müştərilər bazarda rəqabət üstünlüyü qazandırır, gəlir sabitliyini təmin edir və müəssisənin davamlı inkişafına zəmin yaradır. Müştəri məmnuniyyətini artırmaq üçün keyfiyyətli xidmət, fərdi yanaşma, endirim və bonus proqramlarının tətbiqi əsas amillərdir.
Təlim interaktiv şəkildə keçirilib, iştirakçılar aktiv iştirak edib, suallar verərək öz fikirlərini bölüşüblər. Onlar gələcək fəaliyyətləri üçün motivasiya qazanaraq, belə layihələrin bölgədə qadınların iqtisadi və sosial həyatına müsbət təsir göstərdiyini vurğulayıblar. Təlim iştirakçıları bu təşəbbüsə görə təşəkkürlərini bildirərək, qadınların biznes sahəsində uğur qazanması üçün davamlı dəstəyin vacib olduğunu qeyd ediblər. Layihə, həmçinin, qadınların özəl sektorda daha rəqabətli olmalarına və müstəqil iqtisadi fəaliyyət göstərmələrinə şərait yaradır.
Sonda layihənin eksperti Bəsti Nəsibova təlim zamanı iştirakçılara sahibkarlıq sahəsində uğur qazanmış qadınların nümunələrini təqdim edib və iştirakçılar arasında qarşılıqlı təcrübə mübadiləsi təşkil edib. O vurğulayıb ki, belə yanaşma qadınlarda biznesə olan marağın artmasına, eyni zamanda onlarda özünəinamın və təşəbbüskarlıq ruhunun güclənməsinə səbəb olur.