“Kənd toyuğu” adıyla satılan rənglənmiş toyuqları necə ayırd etmək olar? – Bu üç üsul həyatınızı xilas edəcək


Xəbər verdiyimiz kimi Xırdalanda antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlaması zamanı 2 min baş ev quşunun baytarlıq tələbləri gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Eyni zamanda "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların rənglənməsi halları da aşkarlanıb.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirdi ki, insanlar qapalı şəraitdə saxlanılan broyler toyuqlarına deyil, tam azad bəslənən kənd toyuqlarına üstünlük verirlər:

“Kənd toyuqlarını broyler və yarıqapalı saxlanılan digər toyuqlardan fərqləndirən cəhət ayaqlarının sarı olmasındadır. Bakıətrafı qəsəbələrdə 20-yə yaxın yarıqapalı saxlanan quşçuluq müəssisəsi var. Onlar toyuqları kənd toyuqlarına oxşasın deyə ayaqlarını saraldırlar”.

E.Hüseynov diqqətə çatdırdı ki, yaş ağ tənzifi toyuğun ayağına sürtməklə rənginin silindiyini görmək olar. Amma bütövlükdə rənglənmiş toyuqların gözlə ayırd edilməsi mümkün deyil.

“Qida biznesi ilə məşğul olanlar mütləq qida təhlükəsizliyi agentliyində qeydiyyata durmalıdır. Lakin biz görürük ki, toyuq biznesi ilə məşğul olanlar agentılikdə qeydiyyatda deyillər və antisanitar şəkildə toyuq satırlar. Vətəndaşlar belə toyuqlar harda görsə, agentliyin qaynar xəttinə zəng edib xəbər verməlidirlər.

Bu məhsullar dərhal nəzarətə cəlb edilməlidir. Hazırda agentliyin apardığı işə hamı dəstək verməlidir belə mənşəyi məlum olmayan toyuqlar bazarda və digər satış məntəqələrində görünməsin”.

Qeyd edək ki, toyuğun dərisini və yağ qatını çəhrayı-narıncı tonlara salmaq üçün kantaksantin adlı süni boyadlardan istifadə olunur. Belə boyanmış toyuqları istehlak etdikdə qaraciyərdə yüklənmə, gözün torlu qişasında piqment toplanması, allergik reaksiyalar baş verir. Xüsusilə toyuq kəsildikdən dərhal sonra ətin birbaşa boya vannasına salınması təhlükəlidir və qida saxtakarlığıdır.

Ev şəraitində belə toyuqları müəyyənləşdiriməsinin sadə yolları var:

Öncə salfetə bükün, kağızda çəhrayı iz qalırsa süni boyadır. Əti kəsin, rəng yalnız səthdədirsə, sonradan boyanıb. Toyuğu qaynadın, su rənglənirsə təhlükəli ola bilər.


MANŞET XƏBƏRLƏRİ