Məktəblilər və pensiyaçılara nəqliyyat güzəştləri verilə bilər


Bir çox ölkələrdə məktəblilər, pensiyaçılar, müharibə əlilləri ictimai nəqliyyatdan ya pulsuz, ya da güzəştli tariflərlə istifadə edirlər. Əksər ölkələrdə bu sistem çoxdan oturuşmuş vəziyyətdədir və geniş tətbiq olunur.

Azərbaycanda isə vəziyyət tam fərqlidir. Ölkəmizdə güzəştli şərtlərlə istifadə praktikası yada düşmür. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir neçə gün öncə metroda və avtobuslarda gedişhaqqını artırsa da, heç kimə güzəşt etmədi.

Son sosial şəbəkələrdə və ictimiayyət arasında aparılan müzakirələrin iştirakçıları heç olmasa məktəblilərə və yaşlı təqaüdçülərə nəqliyyatda güzəşt olunmasını təklif edirlər.

Sosial sifariş olan bu təklif eşidilə bilərmi? Azərbaycanda da məktəbyaşlı uşaqlar və pensiyaçılar üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi mümkündürmü?

Modern.az sözügedən məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, güzəştli gedişhaqlarının tətbiqi üçün ictimai nəqliyyatda nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Qurumdan verilən məlumata görə, sözügedən güzəştlərin tətbiqi məsələsinə yalnız nağdsız ödənişlərə tam keçid təmin olunduqdan sonra baxıla bilər.

“Tarif dəyişikliyi sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidi sürətləndirir”,- AYNA-dan bildirilib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə beynəlxalq təcrübədə bu məsələyə tez-tez rast gəlindiyini təsdiqləyib. Onun sözlərinə görə, xaricdə tələbələr, təqaüd alan şəxslər və məktəbyaşlı uşaqlar üçün müxtəlif güzəştli kateqoriyalar mövcuddur ki, onlar nəqliyyatdan xüsusi şərtlərlə istifadə edə bilirlər.

“Müxtəlif ölkələrdə bu sahədə fərqli yanaşmalar mövcuddur. Bu cür güzəştlərin bizim ölkəmizdə də tətbiqi həm mümkündür, həm də arzuolunandır. Xüsusilə, son vaxtlar nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı qərarların qəbul edildiyini nəzərə alsaq, bu daha da aktualdır. Nəqliyyat infrastrukturunun yenilənməsi, əlçatanlığın artırılması və digər məsələlərlə əlaqədar əlavə maliyyə imkanlarının yaradılması məqsədilə gedişhaqqı artımları həyata keçirilir”.

Deputat vurğulayıb ki, hazırda yalnız 5 yaşadək uşaqlar ictimai nəqliyyatdan ödənişsiz istifadə edirlər:

“Lakin 5 yaşdan yuxarı məktəblilər, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan tələbələr, həmçinin təqaüd alan şəxslər üçün də güzəştlərin tətbiqi arzuolunandır. Əvvəllər əmək və müharibə veteranları üçün belə güzəştlər mövcud idi, onlar nəqliyyatdan pulsuz istifadə edə bilirdilər”.

Sədr müavini bildirib ki, bir çox ölkələrdə bu cür sosial qruplar üçün aylıq və illik güzəştli abonentlər təqdim olunur və onlar ilboyu bu imkandan faydalana bilirlər:

“Hesab edirəm ki, bu təşəbbüs bizdə də tətbiq olunmalıdır və bu, həm sosial ədalətin təmin olunması, həm də əhalinin aztəminatlı təbəqələrinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq baxımından vacibdir”.

Müsahibimiz onu da əlavə edib ki, qarşıdakı dövrdə büdcə müzakirələri zamanı bu məsələnin də gündəmə gələcəyini gözləyir:

“Ümid edirəm ki, nəqliyyat sektoruna rəhbərlik edən qurumlar, Tarif Şurası və hökumət bu məsələni də nəzərdən keçirəcək və müsbət qərar veriləcək. Vurğulamaq vacibdir ki, əhalinin aztəminatlı hissəsinin ictimai nəqliyyatdan rahat və əlçatan şəkildə istifadə etməsi üçün bu cür sosial güzəştlərin tətbiqi arzuolunan olmaqla yanaşı, eyni zamanda zəruridir”,- deyə A.Əlizadə qeyd edib.


MANŞET XƏBƏRLƏRİ