Bakıda 50 AZN-dən aşağı çimərliklər - SİYAHI


Yay fəslinin isti günləri yaşanarkən Bakı sakinləri və şəhərin qonaqları dəniz kənarında istirahətə üstünlük verirlər. Paytaxt ətrafında yerləşən çimərliklər müxtəlif qiymət və şərait təklif edir. Bəzi istirahət mərkəzləri isə giriş qiymətlərində əlçatan tariflər tətbiq edərək daha geniş auditoriyanı cəlb etməyə çalışır.

Yenisabah.az Bakıda giriş haqqı 50 manatdan aşağı olan çimərlikləri araşdırıb:

Amburan Beach Club

Xəzər dənizinin sahilində yerləşən Amburan Beach Club infrastruktur baxımından müasir tələblərə cavab verən xidmətlər təklif edir. Həftəiçi günlərdə bu çimərliyə giriş 25 AZN təşkil edir. Həftəsonu və bayram günlərində isə bu məbləğ 35 AZN-ə qədər yüksəlir. Çimərlik ərazisində günəş çarpayıları, çətirlər və digər rahatlıq yaradan imkanlar mövcuddur.

Bilgah Beach Hotel

Digər populyar məkana çevrilən Bilgah Beach Hotel çimərliyi də münasib qiymətlərlə xidmət göstərir. Böyüklər üçün həftəiçi giriş haqqı 35 AZN, uşaqlar üçün isə 20 AZN-dir. Həftəsonu isə bu qiymətlər müvafiq olaraq 45 AZN və 25 AZN olaraq dəyişir. Çimərlikdə təhlükəsizlik tədbirləri, uşaq oyun sahələri və kölgəliklər mövcuddur.

Dream Beach Baku

Ən əlçatan variantlardan biri isə Dream Beach Baku çimərliyidir. Burada giriş tamamilə ödənişsizdir və qonaqlara öz qidalarını gətirmək icazə verilir. Bu faktor, xüsusilə, ailəvi istirahət üçün bura olan marağı artırır. Taxta kabinələr və işıqlarla bəzədilmiş ərazi axşam saatlarında da ziyarətçilər üçün cəlbedici mühit yaradır.

Glam Beach Baku

Lüks çimərlik konsepsiyası ilə seçilən Glam Beach Bakuya giriş yalnız əvvəlcədən rezervasiya ilə mümkündür. Kompleksin təqdim etdiyi məlumatlara görə, qiymətlər 10 AZN-dən başlayır. Glam Beach interyer dizaynına xüsusi önəm verir və ziyarətçilərə fərqli mühit təqdim edir.

Mövzu ilə bağlı sosial şəbəkələrdə istifadəçilər isə qiymətlərə etirazlarını bildirirlər. Bir çoxları hesab edir ki, bu tariflər sadə ailələr üçün əlçatan deyil. Xüsusilə, dörd nəfərlik ailənin ay ərzində üç dəfə çimərliyə getməsi hallarında, ümumi xərcin yüksək məbləğə çatdığı vurğulanır. İstifadəçilər yazırlar ki, "ayda üç dəfə getmək istəsək, təkcə giriş 300 manata yaxın tutur, bu da sıravi ailə üçün lüks sayılır". Bu baxımdan, bəziləri çimərliklərin daha uyğun qiymət siyasəti ilə çıxış etməli olduğunu düşünür.


MANŞET XƏBƏRLƏRİ