“Lənkəran Kaspi Kids” bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Müəllimin uşağın başına vurduğu, nəticədə isə qanadığı bildirilir.
Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
“Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur”, – məlumatda deyilir.
Turkustan.az Modern.az-a istinadən bildirir ki, görüntülərdəki müəllim işdən çıxarılıb.
Onunla bağlanan əmək müqaviləsinə xitam verildiyi bildirilir.
Məsələ ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, “Kaspi” Təhsil Şirkətinin məktəbə hazırlıq bölməsi olan Kaspi Kids 2011-ci ildən fəaliyyətə başlayıb. Bağçanın bir neçə rayonda filialı mövcuddur.