Bakı şəhərinin mənzil bazarında qiymətlər regiondan regiona əhəmiyyətli fərqlər göstərir. Ümumiyyətlə, şəhər mərkəzinə yaxın və prestijli rayonlarda mənzillərin kvadratmetr qiyməti daha yüksəkdir.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat katibi Elnur Fərzəliyev verib.
Onun sözlərinə görə, ən bahalı mənzillər ənənəvi olaraq Nəsimi, Nərimanov və Səbail rayonlarında qeydə alınır:
“Təhlil olunan dövrdə Nəsimi rayonu üzrə mənzillərin orta qiyməti təxminən 3126 AZN/kv.m, Nərimanovda isə 3006 AZN/kv.m təşkil edib. Digər mərkəzə yaxın rayonlardan Yasamal (2822 AZN/kv.m) və Nizami (2633 AZN/kv.m) də orta qiymət göstəricilərinə görə ön sıralardadır.
Mərkəzdən bir qədər kənardakı Binəqədi (2563 AZN/kv.m) və Xətai (2467 AZN/kv.m) rayonlarında qiymətlər orta səviyyədən bir qədər aşağıdır.
Ən ucuz mənzillər isə şəhər ətrafı və yarımkənar ərazilərdə yerləşir. Məsələn, Suraxanı rayonunda orta qiymət cəmi 1836 AZN/kv.m olduğu halda, Xəzər rayonunda bu rəqəm 1913 AZN/kv.m civarındadır. Digər kənar rayonlardan Sabunçuda orta qiymət 2226 AZN/kv.m təşkil edir. Bu fərqlər ilk növbədə rayonların yerləşməsindən, infrastrukturundan və mənzillərin keyfiyyətindən qaynaqlanır. Şəhər mərkəzinə yaxın yerlərdə və yaxud metrostansiya, park, ticarət mərkəzi kimi imkanları bol olan rayonlarda qiymətlər daha yüksək formalaşır. Məsələn, Nəsimi və Sabail kimi mərkəzi rayonlarda elit binalarda kvadratmetri 5000-7000 AZN civarında olan mənzillərə rast gəlmək olur. Əksinə, kənar qəsəbələrdə və mikrorayonlarda kvadratmetr qiyməti 1000-1500 AZN intervalında olan çoxlu sayda təklif mövcuddur.
Mətbuat katibi rayonlar üzrə qiymətlərin yeni və köhnə binalar arasında differensiasiyasının da maraqlı olduğunu bildirib:
“Məsələn, Suraxanıda yeni tikililərdə 1752–2230 AZN/kv.m , köhnə tikililərdə 1420–1995 AZN/kv.m diapazonunda qiymətlər qeydə alınıb, yəni orta hesabla 10-23% fərq var. Mərkəzi rayonlarda isə yeni və köhnə tikili arasındakı fərq nisbətən azala bilər – məsələn, Nərimanov rayonunda bu fərq 3-16%, Xətai rayonunda 7-19% arasıdır. Ümumiyyətlə, bütün rayonlarda yeni tikililər köhnələrdən bahadır, lakin mərkəzdə köhnə binalar da yüksək yerə və infrastrukura malik olduqları üçün qiymətləri kifayət qədər yüksək olaraq qalır”.
Bizim.Media