Azərbaycan xalqı toy adət-ənənəsinə xüsusi yanaşır. Valideynlər üçün övladının ən xoş günü belə onun toy günü hesab edilir.
Valideynlər iki gəncin birgəyaşayışını rəsmiləşdirən, təsdiqləyən toya böyük məna yükləyərək müəyyən zamanlarda toy təşkil etməyi uyğun hesab etmirlər. Bəzi inanclara görə, evliliyin xoşbəxt və uzunömürlü olması toyun ediləcəyi tarixdən asılı olur. Ona görə də toyun seçiləcəyi tarixə, günə çox önəm verilir.
Azərbaycanda İslam qaydalarına görə, Məhərrəm və Ramazan ayında toy edilmir. Bunun dinə bağlı xüsusi səbəbləri var.
Ölkəmizdə həm də may ayında toy edilməsi xoş qarşılanmır. Bəziləri bunun rus və xristian adəti olduğunu, illərlə həmin xalqların təsiri altında qaldığımızla izah edirlər. Bəziləri mayda əkinin başladığını, insanların başının işə qarışdığı üçün vaxt tapmadığını deyirlər.
İddialardan biri isə may ayında məhsuldarlığın olmaması ilə bağlıdır. Qədimdə toyu daha çox payız aylarında, məhsul yığımı vaxtı edərdilər. Müasir dövrdə ilin bütün fəsillərində istənilən məhsulu tapmaq mümkündür. Lakin mövsümündən baha satılan məhsullar toy xərclərini artırır.
El arasında “qan qaynayan” vaxt dedikləri, dağların, meşələrin yaşıllaşdığı, yazın ən gözəl ayına min bir “don geyindirməklə” toydan imtina edənlər var.
May ayında toy etməyənlər hansı dinə, adətə sığınır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində uğursuz tarix, gün anlayışı yoxdur:
“May yaxud Məhərrəm ayında toy etmək olmaz deyə əhalinin bir qismi arasında yanlış inanc formalaşıb. Dinimizə görə matəm günü, matəm ayı, uğursuz gün deyə bir şey yoxdur. Allahın bütün günləri, ayları uğurludur. Sadəcə insanlar öz əməlləri ilə o günü, ayı uğursuz keçirə bilərlər.
Mayda hələ əkinlər məhsul vermir, keçən ildən qalan məhsullar da baha olur, yaz təzə gəldiyi üçün bağçalar, tarlalar bar vermədiyi ərəfə olduğundan adətən ilin qıtlıq ayı kimi xarakterizə olunur. Nisbətən hamının imkansız vaxtına düşdüyü üçün ola bilsin toyu mayda yox, digər aylarda etməyi daha uyğun hesab edənlər olub.
Amma bunun bədbəxtliklə, uğursuzluqla heç bir əlaqəsi yoxdur. Dünyada heç bir xalqın içində belə inanc yoxdur. Bütün dahi şəxsiyyətlərin çoxu mayda evlənib və xoşbəxt olub. Bu sadəcə xurafatdır. Əhalimiz də xurafata aşiq olduğu üçün belə xoşagəlməz zərərli adətləri yaşadırlar. Allah Quranda heç bir ayın, günün uğursuz olduğunu qeyd etməyib. İlin bütün günlərində toy da, nişan da etmək olar”.
O, ermənilərdə belə adətin olduğunu qeyd edib:
“Mayda toy etməyi bədbəxtliklə əlaqələndiriblər. Özləri barədə iddia etdikləri qondarma soyqırımının 1915-ci ildə aprel - may aylarında olduğunu, ona görə bu ayın onlarda ağır ay sayıldığını deyənlər də var. Hər bir halda mayda toy etməmək inancı batil bir inancdır. Bizim milli, tarixi ənənələrimizlə də, dinimizlə də ziddiyyət təşkil edir”.