Cənubi Qafqaza müdaxilə cəhdi var – “Tokayev anlayır ki, bu baş versə…”


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də Ermənistana səfər edib. Səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Bildirilir ki, Paşinyan Tokayevi Azərbaycanla münasibətlərin normallaşması prosesi barədə məlumatlandırıb. Görüşdə həmçinin Zəngəzur dəhlizinin açılması məsələsinin də müzakirə edildiyi deyilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Tokayev Ermənistana səfərindən bir ay əvvəl – martın 11-də Azərbaycana gəlmişdi:

“Qazaxıstan xarici işlər naziri Murat Nurtleu da həmin vaxt İrəvana getmişdi. Güman ki, bu, prezidentin Ermənistana səfərinə hazırlıq idi. Qazaxıstan Cənubi Qafqaz ölkəsi olmasa da, regionda baş verən hadisələrdə, sülh və sabitlikdə maraqlıdır. Burada Zəngəzur dəhlizi məsələsi var. Qazaxıstan başa düşür ki, bu dəhlizin açılması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından keçir. Dəhliz Mərkəzi Asiya dövlətləri üçün ciddi iqtisadi divident vəd edir”.

Siyasi şərhçinin sözlərinə görə, dünyada böyük xaos var:

“Müxtəlif regionlarda böhranlı vəziyyət yaranıb. Bu halda Cənubi Qafqazda baş verən hadisələr türkdilli dövlətlərə və Mərkəzi Asiyaya təsir edə bilər. Qazaxıstan isə bunu istəmir, Qərb güclərinin regiona müdaxiləsinin qarşısını almağa çalışır. Rəsmi Astananın Bakı və İrəvanla ciddi əlaqələri olsa da, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün əsas imkanlarının olduğunu düşünmürəm. Dediyim kimi, Astana Zəngəzur dəhlizinin açılmasında vasitəçi ola bilər”.


MANŞET XƏBƏRLƏRİ