Oktyabrın 7-dən İsrailə dəstək verən Yaponiyadan yeni açıqlama gəlib. Yaponiyanın baş naziri Kişida Fumio İsrail prezidenti İsaak Herzoqa Qəzzadakı gərginliyin tez bir zamanda aradan qaldırılacağına ümid etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Kişida Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Dubayda keçirilən 28-ci Tərəflər Konfransı çərçivəsində təmaslarını davam etdirir.
İsrail prezidenti Hersoqla 30 dəqiqəlik görüşdə Kişida Qəzza zolağındakı gərginliyi tez bir zamanda sakitləşdirməyə ümid etdiyini bildirib.
Yaponiyanın baş naziri qeyd edib ki, Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün material təchizatının artırılması həyati əhəmiyyət kəsb edir.
Kişida Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşündə Qəzzada müharibənin davam etməsinin təəssüf doğurduğunu və tezliklə razılaşmaya qayıtmağın vacib olduğunu vurğulayıb.
Yaponiyanın xarici işlər naziri Kamikava Yoko bildirib ki, Kişida Yaxın Şərqə səfəri zamanı Fələstin prezidenti Mahmud Abbasla görüşməyi planlaşdırmır.
Eltac/Turkustan.az