Cavanşir Feyziyev: Prezident İlham Əliyev Cənubi Qafqaz bölgəsinin gələcəyini birdəfəlik müəyyən etdi


Prezident İlham Əliyev Cənubi Qafqaz bölgəsinin gələcəyini birdəfəlik müəyyən etdi. Hələ 2020-ci ilin noyabr ayında Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatda Ermənistanın öz silahlı dəstələrini ölkəmizin ərazisindən çıxarmaq barədə öhdəlik götürməsinə baxmayaraq, Paşinyan hökuməti üç il ərzində bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırırdı. Azərbaycan ərazisində erməni terrorçuların qalması Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılması üzrə danışıqlarda iştirak edən və əslində bu danışıqlara kömək etməkdən daha çox mane olmağa çalışan Fransa, ABŞ, Rusiya kimi dövlətlərə lazım idi. Lakin Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan belə qeyri-müəyyən vəziyyəti uzun müddət qəbul edə bilməzdi. Erməni terrorçularının işğaldan azad olunmuş ərazilərimizdə törətdikləri növbəti mina terroru nəticəsində polis işçilərinin və mülki şəxslərin həlak olması Azərbaycan Ordusunun qəti addımlar atmağa məcbur etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Deputat bildirib ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq və peşəkarlıq göstərərək düşmən tərəfindən uzun illər ərzində yaradılmış mühəndis istehkam qurğularını və bütün atəş nöqtələrini darmadağın etdi. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirdiyi və fürsət düşdükcə daha çox silah-sursatla təmin etdiyi qanunsuz silahlı qüvvələrinin böyük hissəsi məhv edildi, çoxsaylı hərbi texnikası sıradan çıxarıldı. Separatçılar ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycanın tələbinə uyğun olaraq Qarabağın erməni icmasını təmsil edən nümayəndələr Yevlax şəhərində hakimiyyət orqanlarının təmsilçiləri ilə görüşə gəldilər.

Antiterror tədbirləri Azərbaycanın tərəfindən müharibə qanunlarına uyğun olaraq humanitar hüquqların qorunması ilə həyata keçirildi. Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanın atdığı addımlara görə həm məsuliyyət daşıdığını, həm də qürur hissi keçirdiyini xüsusi olaraq vurğuladı. Prezident yaranmış yeni vəziyyəti belə dəyərləndirdi: “Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qarabağda yaşayan erməni əhalisinin taleyi haqqında danışarkən bildirdi ki, “...Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək.”

Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.

Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunması haqqında danışan Prezident vurğuladı ki, Qarabağda yaşayacaq ermənilərin təhsil, mədəniyyət, din hüquqları, bələdiyyə seçkiləri ilə bağlı bütün hüquqları təmin ediləcək.

Artıq Azərbaycan dövlət və ictimai təşkilatları terrorçulardan təmizlənmiş ərazilərdə dinc sakinlərə humanitar yardım göstərməyə başlayıblar. Əraziyə yanacaq, ərzaq məhsulları, tibbi yardım ləvazimatları və s. daşınır.

“Azərbaycan beynəlxalq siyasətdə daha bir möhtəşəm qələbəsini qazandı. Dövlətimiz cəmi 24 saat sürən antiterror tədbirləri ilə 30 ildən çox bütün Cənubi Qafqazı gərginlikdə saxlayan bir münaqişənin son nöqtəsini qoydu. Xalqımız çoxdan arzuladığı yeni bir həyata başlamaq ərəfəsindədir. Savaşlardan uzaq, maddi rifah səviyyəsinin daim yüksəldiyi, ildən ilə inkişaf edən və çiçəklənən qalib Azərbaycanın vətəndaşı kimi yaşamaq böyük bir qürur mənbəyidir.

Bu zəfər hamını bir nəfər kimi sevindirdi. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olmağa cəhd göstərən qüvvələr isə məyus oldular. Çünki onların bölgəyə müdaxilə etmək üçün yaratdıqları və uzun illər Azərbaycana və bütövlükdə bölgə dövlətlərinə təzyiq etmək üçün istifadə etdikləri manipulyasiya vasitəsi yox edildi”, - deyə C.Feyziyev əlavə edib.

Vurğulanıb ki, Azərbaycan Prezidentinin xalqa müraciətində Cənubi Qafqaz bölgəsini daimi gərginlikdə saxlamağa cəhd edən qüvvələrə birbaşa səslənərək dedi: “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”.

Əsrlər boyu savaşlara və qanlı toqquşmalara meydan olmuş Cənubi Qafqaz Azərbaycan dövlətinin apardığı ardıcıl uzaqgörən siyasət nəticəsində bölgədənkənar güc mərkəzlərinin nəzarətindən çıxarıldı. Prezident İlham Əliyev bölgənin gələcəyi ilə bağlı fikirlərini açıqlayaraq dedi. “Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”.

“Beləliklə, 30 ildən çox işğal altında qalmış torpaqlarımızın azad olunması üzrə aparılan praqmatik sülh siyasəti öz bəhrəsini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz siyasəti ilə, sadəcə, torpaqlarımızı işğaldan azad etmədi, bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyini müəyyənləşdirdi”, - deyə deputat qeyd edib.


MANŞET XƏBƏRLƏRİ