Azərbaycan ABŞ-dən dronlar, raketlər, mərmilər ala biləcək


Ötən gün ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Azərbaycana gəlib və ölkə başçısı İlham Əliyevlə görüşüb. Tərəflər arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının mətnində qeyd olunub ki, ABŞ Azərbaycanla müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədir.

Bu baxımdan tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək və terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyətindədirlər.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycana ABŞ katerlərinin veriləcəyi bildirilib. Daha hansı silahların ABŞ-dən alacağı diqqətçəkən nüansdır.

Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın ABŞ-dən daha hansı silahları alacağı ilə bağlı bunları deyib:

“Təbii, 907-ci düzəlişin aradan qalxması da artıq zaman məsələsidir. Bütün proseslər onu göstərir ki, Azərbaycan ilə ABŞ terrorçuluğa qarşı mübarizə, müdafiə, hərbi, hərbi texniki sahədə əməkdaşlıq etmək niyyətindədirlər. Strateji əməkdaşlıq xartiyası da imzalanıbsa, artıq 907-ci düzəliş aradan qaldırıldıqdan sonra Azərbaycan ilə ABŞ arasında istənilən sahədə əməkdaşlığa heç bir əngəl qalmır. Azərbaycan ilə ABŞ əvvəllər də bir çox sahələrdə, o cümlədən sülhməramlı fəaliyyətlər sahəsində birgə əməkdaşlıq ediblər. Bu, əməkdaşlığın nəticələri ABŞ tərəfindən daim müsbət qiymətləndirilib. Belə olan halda Azərbaycan daha çox ABŞ-dən hazır məmulatlar əvəzinə texnologiya transferinə və birgə istehsal sahələrinin yaradılmasına üstünlük verəcək. Katerlərin alınmasına gəldikdə, daha əvvəl də biz ABŞ-dən katerlər əldə etmişik. Hətta 2018-ci ildə paradda Bakı səmasında ABŞ istehsalı olan helikopterlər uçurdu. Sadəcə Bayden administrasiyası zamanı bu əməkdaşlığa böyük zərbə vuruldu. Münasibətlər pozuldu, əlaqələr kritik həddə gəlib çıxmışdı. Nə yaxşı ki, ABŞ ilə əlaqələr bərpa olunur. Yaxın illərdə biz Azərbaycan ilə ABŞ arasında birgə müəssiəsələrini qurulması, ABŞ şirkətlərinin ölkəmizə gəlməsi, beləliklə də həm iş yerlərinin açılması, həm texnoloji transfer, həm də kadrların yetişdirilməsi sahəsində müsbət dəyişikliklər görəcəyik”.

Ekspert Azərbaycanın ABŞ ilə hansı silahların istehsalı üzrə birgə əməkdaşlıq edəcəyindən də bəhs edib:

“Biz müasir bazarın tələblərinə uyğun məhsullar istehsal etməliyik. Əməkdaşlıq daha geniş miqyası əhatə etməlidir. Dünyanın bu gün ən böyük şirkətləri sırasında ilk 5-lik ABŞ-yə məxsusdur. Söhbət 100 milyardlarla vəsaitdən gedir. Belə imkanlara malik ABŞ ilə daha çox müasir bazarın tələb etdiyi silahlarla bağlı əməkdaşlıq edə bilərik. Buna misal olaraq sürü şəklində olan dronları, süni intellektlə idarə edilən silah sistemlərini, raketləri, çox tələb olunan hava hücumundan müdafiə sistemlərini, artilleriya sursatlarını göstərmək olar".

Ekspert ABŞ-dan müasir silah almaq üçün illərlə gözləyən ölkələrin olduğunu deyib.

"Bu silahlara tələb artıb və bu silahları almaq üçün 10 ildən çoxdur qapıda gözləyən müştərilər var. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən münaqişələr bir çox ölkələrinin sursat ehtiyatlarının və onların anbarlardakı toxunulmaz sursat miqdarını zəiflədib. Sursat qıtlığını aradan qaldırmaq lazımdır. Çünki görünür, dünyada hələ də münaqişələr davam edir və davam edəcək. Ona görə də, bu sursatların yerini doldurmaq lazımdır. Bunun üçün də niyə avtomat istehsal edək ki? Avtomobillə artıq dünyanın təəccübləndirmək mümkün deyil. Həm İsrail, həm Türkiyə, həm ABŞ, həm Pakistan, həm də Avropa ölkələri ilə münasibətlərimiz imkan verir ki, biz Vətən Müharibəsində əldə etdiyimiz qələbənin müsbət təcrübələrini həmin silahlarda tətbiq edib dünyaya təqdim edək. Bu, daha böyük dividendlər gətirəcək. Dediyim sahələrdə ABŞ-lə əməkdaşlıq ediləcək. Əməkdaşlıq uzunmüddətli olacaq, çünki artıq Xartiya imzalanıb. Bundan nə ABŞ, nə də başqaları geri çəkilə bilər. Ortada imza var”.


MANŞET XƏBƏRLƏRİ